MİQ imtahanlarını ali təhsil müəssisələri keçirəcək? - AÇIQLAMA
Təhsil eksperti Məzahir Məmmədli təklif edib ki, müəllimlərin işə qəbulu (MİQ) imtahanı ali təhsil müəssisələrinin özündə təşkil edilsin və tələbələr universiteti birbaşa müəllim kimi bitirsinlər.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, ali təhsil müəssisələri kadr hazırlayan bir qurumdur:
"Yəni ali təhsil müəssisələri hər hansı bir əmək bazarı və yaxud da hər hansı bir təşkilat üçün imtahan keçirən bir qurum deyil. Bu, əslində, ali təhsil müəssisələrinin profilinə zidd bir yanaşmadır.
Ali təhsil müəssisələri öz işinin öhdəsindən gələrsə, ciddi şəkildə kadr hazırlığı istiqamətində tələbələrin öz ixtisasları üzrə mükəmməl kadr olması üçün səy göstərərsə, çalışarsa, hesab edirəm ki, bu, müəyyən qədər kifayət edər. Ali təhsil müəssisələrinin bir çoxunda kadr hazırlığı istiqamətində, təəssüflər olsun ki, arzu olunan səviyyədə tədris prosesi həyata keçirilmir. Bu da, əlbəttə ki, tələbələrin gələcəkdə əmək bazarına çıxışında müəyyən problemlər yaradır".

Həmsöhbətimiz vurğuladı ki, MİQ imtahanı sadəcə pedaqoji ixtisaslara köklənmiş bir imtahandır:
"Amma ali təhsil müəssisələrində sadəcə pedaqoji ixtisasları bitirən gənclərimiz yoxdur axı, digər ixtisaslar üzrə təhsilini başa vuran gənclərimiz də var və bu istiqamətdə ali təhsil müəssisələrinin üzərinə böyük bir yük düşür. Misal üçün, özəl sektor özü imtahan edir, işə götürür. Yəni özəl sektor öz qaydalarına uyğun olaraq işə götürməni həyata keçirdiyi halda, ali təhsil müəssisələrindən bunu tələb edə bilməz.
Pedaqoji ixtisaslar müxtəlif ali təhsil müəssisələrində tədris olunur. Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində var, bəzi regionlardakı ali təhsil müəssisələrində də var. Yəni universitetlər bunu necə tənzimləyəcək? Suallar gərək vahid sistem üzərində hazırlansın ki, burada obyektivlik təmin olunsun. Hesab edirəm ki, bu, çox yanlış bir fikir, yanlış bir təklif, yanlış düşüncədir.
Ali təhsil müəssisəsi öz işini düzgün şəkildə görərsə, tələbələrin əmək bazarına hazırlanmasında bilik və bacarıqları kifayət qədər aşılayarsa, hesab edirəm ki, MİQ imtahanına hazırlaşanlarda və yaxud da başqa ixtisaslar üzrə əmək bazarına qoşulmaq istəyənlərdə də müəyyən qədər rahatlaşma formalaşa bilər".
Aytəkin TOFİQQIZI













