Kodlaşdırmada bu səhvi etməyin - Abituriyentlərə VACİB XƏBƏRDARLIQ

 17:05 15.07.2026     3095

Bildiyimiz kimi, artıq bütün ixtisas qrupları üzrə II cəhd qəbul imtahanları başa çatıb. İndi isə abituriyentlər üçün ən məsuliyyətli mərhələlərdən biri ixtisas seçimi və universitetlərə qəbul üçün ixtisasların düzgün ardıcıllıqla kodlaşdırılmasıdır. Məhz bu mərhələdə verilən qərarlar gələcək təhsil və peşə həyatına birbaşa təsir göstərir.

İxtisas seçimi və kodlaşdırma zamanı abituriyentlər ən çox hansı məqamlara diqqət yetirməlidirlər? Ümumiyyətlə, kodlaşdırma prosesini təkbaşına həyata keçirmək nə dərəcədə məqsədəuyğundur, yoxsa mütəxəssis dəstəyindən yararlanmaq daha doğru seçimdir?

Kodlaşdırma üzrə mütəxəssis Aslamaz Aslamazlı Redaktor.az-a bildirdi ki, ixtisas seçimi qəbul imtahanından heç də az əhəmiyyət daşımayan bir mərhələdir:

"Çox yüksək bal toplayan abituriyent belə yanlış ixtisas sıralaması və ya düzgün aparılmayan kodlaşdırma səbəbindən istədiyi nəticəni əldə etməyə bilər. Abituriyentlər ilk növbədə yalnız bala deyil, öz maraq və bacarıqlarına, gələcək peşə perspektivlərinə, universitetlərin tədris imkanlarına və əvvəlki illərin keçid ballarına diqqət yetirməlidirlər".

Müsahibimiz qeyd etdi ki, ixtisaslar arzulara uyğun olmaqla yanaşı, real qəbul ehtimalı da nəzərə alınaraq düzgün ardıcıllıqla sıralanmalıdır:

"Bu tədris ilinin yekun imtahan nəticələrinə aid statistik məlumatların Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunmasını gözləmək isə ən vacib məsələlərdən biridir. Çünki bu, ixtisas qruplarında balların artımı və ya azalması ilə bağlı mütəxəssislərə və abituriyentlərə əsaslı istiqamət verəcək".

Ekspertin fikrincə, kodlaşdırma prosesini təkbaşına etmək mümkündür, lakin bu sahədə kifayət qədər məlumat və təcrübə yoxdursa, risklidir:

"Kiçik bir texniki və ya strateji səhv belə nəticəyə ciddi təsir göstərə bilər. Buna görə də ixtisas seçimi zamanı peşəkar mütəxəssis dəstəyindən yararlanmaq daha məqsədəuyğundur. Mütəxəssis həm abituriyentin balını, həm maraqlarını, həm də qəbul ehtimalını nəzərə alaraq ən optimal seçim ardıcıllığını müəyyənləşdirə bilər. Bunun üçün abituriyentlər Dövlət İmtahan Mərkəzinin Abituriyentlərə Dəstək Mərkəzlərinə də müraciət edə bilərlər. Unutmayaq ki, imtahan nəticəsi uğurun yalnız bir hissəsidir. Düzgün ixtisas seçimi və peşəkar şəkildə aparılan kodlaşdırma isə həmin uğurun universitetə qəbulla nəticələnməsini təmin edən ən vacib amillərdəndir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən