Yay tətilində uşaqların gününü necə planlaşdırmalı? - Pedaqoqdan valideynlərə TÖVSİYƏ
Bildiyimiz kimi, hazırda yay tətili dövrüdür. Bəzi valideynlər və müəllimlər bu müddətdə uşaqları əlavə dərslərə və intensiv hazırlıq prosesinə cəlb edirlər.
Bəs bu yanaşma nə dərəcədə doğrudur? Yay tətilində uşaqları dərslə yükləmək onların inkişafına müsbət təsir göstərir, yoxsa istirahət hüququna mənfi təsir edir?
Pedaqoq, Valideyn Məktəbinin təsisçisi, "Green Start Academy" Təlim və İnkişaf Mərkəzinin rəhbəri Aysel Rəsulzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, yay tətilində uşaqların dərslə yüklənməsi valideynlər tərəfindən doğru yanaşma deyil:
"Amma bu o demək də deyil ki, yay tətilində uşaq tamamilə dərsdən uzaqlaşmalıdır. Sadəcə, burada öyrənmə prosesi bir qədər fərqli formaya keçməlidir. Yəni tədris ili boyunca uşaq nəzəri biliklərə yiyələnibsə, düşünürəm ki, yay tətili həmin biliklərin praktikada tətbiq olunduğu dövr olmalıdır".
Pedaqoq qeyd etdi ki, yay tətilində uşağın gününü yalnız testlərlə, əlavə dərslərlə və tapşırıqlarla doldurmaq lazım deyil:
"Dediyim kimi, bu üç aylıq müddət təcrübə dövrü olmalıdır. Çünki uşaq bir tədris ili ərzində həm zehni, həm də emosional cəhətdən çox yorulur. Tətilin əsas məqsədi də təkcə istirahət etmək deyil, tədris ili ərzində itirdiyi enerjini bərpa etməkdir. Necə ki, işləyən bir insanın məzuniyyətə ehtiyacı var, uşaqların da buna ehtiyacı var. Digər tərəfdən, bu üç ay ərzində oxu, təkrar və ya müxtəlif intellektual fəaliyyətlər də davam etməlidir. Əks halda, uşaq doqquz ay ərzində öyrəndiklərinin bir hissəsini unuda bilər. Amma bu fəaliyyətlər balanslaşdırılarsa, həm yay tətili səmərəli keçər, həm də uşaq yeni tədris ilinə yüksək enerji ilə başlaya bilər".
Müsahibimiz vurğuladı ki, valideynlər uşaqların hər gün mütləq kitab oxumalarını təmin etməlidirlər:
"Burada söhbət mütaliədən gedir. Mütaliə onların söz ehtiyatını zənginləşdirir, özünü ifadə etmə bacarıqlarını inkişaf etdirir. Bu gün isə uşaqların çoxunda məhz bu sahədə müəyyən çətinliklər müşahidə olunur. Uşaqlar evdə və ya həyətdə müxtəlif maraqlı elmi təcrübələr apara, muzeylərə, tarixi məkanlara və təbiət gəzintilərinə gedə bilərlər. Bunun üçün hansısa rayona və ya xarici ölkəyə səfər etmək vacib deyil. Bütün bunları yaşadığı mühitdə də təşkil etmək mümkündür. Bu, müəyyən mənada valideynin yanaşmasından və uşağa belə imkanlar yaratmaq bacarığından asılıdır. Digər tərəfdən, uşaqlar hər gün idmanla məşğul olmalı, yeni bacarıqlara yiyələnməli və ailələri ilə daha çox vaxt keçirməlidirlər. Yay tətili bunun üçün çox yaxşı fürsətdir. Bəzən ailələr vaxtlarının olmadığını bildirirlər".
Həmsöhbətimiz öz təcrübəsini də bizimlə bölüşdü:
"Gün ərzində nə qədər məşğul olsam da, günün əvvəlində və ya sonunda uşaqlara ayırdığım bir-iki saatı səmərəli keçirməyə çalışıram. Məsələn, axşamlar birlikdə maraqlı film izləyirik, nərd və ya domino oynayırıq, krossvord həll edirik, müxtəlif söz və yazı oyunları oynayırıq. Bu fəaliyyətlər həm uşaqların biliklərini yoxlamağa, həm də hansı mövzuları unutduqlarını müəyyənləşdirməyə kömək edir. Digər tərəfdən, adi bir alış-verişə çıxmaq belə uşaqların yeni bacarıqlar qazanmasına kömək edir. Bəzən valideyn düşünür ki, uşaq üç saat test həll edibsə, artıq onun üçün faydalı iş görüb. Halbuki uşaq market alış-verişini müstəqil şəkildə edə bilmirsə, evdə süfrənin hazırlanmasına kömək etmirsə, bir ağac əkə bilmirsə, oxuduğu kitab və ya izlədiyi film haqqında fikir yürüdə bilmirsə, burada həyati bacarıqların formalaşmasından danışmaq çətindir. Məncə, bu cür praktik fəaliyyətlər üç saat test həll etməkdən daha faydalıdır. Yay tətilinin əsas istiqaməti də məhz yeni həyati bacarıqların qazanılması olmalıdır.
Bir çox valideyn düşünür ki, uşaq nə qədər çox dərs oxusa, bir o qədər uğurlu olacaq. Halbuki araşdırmalar göstərir ki, öyrənmənin keyfiyyəti sərf olunan saatlarla ölçülmür. Yorğun və motivasiyasız uşaq saatlarla dərs oxusa belə, bu, hər zaman yüksək nəticə vermir".
Valideyn Məktəbi üzrə çalışan və ailələrlə işləyən bir mütəxəssis olaraq A.Rəsulzadə bildirdi ki, yay tətili uşağın fiziki, emosional, intellektual və ən əsası, sosial inkişafını dəstəkləyən bir mərhələ olmalıdır:
"Burada məqsəd uşağın beynini daha çox informasiya ilə doldurmaq deyil, onu dincəldərək yeni tədris ilinə hazırlamaqdır. Çünki dincəlmiş beyin daha yaxşı öyrənir, motivasiyalı uşaq isə daha uğurlu nəticələr əldə edir. Unutmamalıyıq ki, biz uşaqlarımızı təkcə imtahanlara deyil, həm də həyata hazırlayırıq. Həyata hazırlıq isə yalnız dərs kitabları ilə deyil, həyatın özündə formalaşır. Bu səbəbdən yay tətilində uşağın həm kitabla, həm təbiətlə, həm oyunla, həm də ailəsi ilə keçirdiyi vaxt kifayət qədər olmalıdır".
Xədicə BAXIŞLI













