Keçid ballarına aldanmayın - Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ

 17:42 16.07.2026     2243

“Artıq qəbul imtahanları yekunlaşıb. Nəticələr açıqlandıqdan sonra apellyasiya mərhələsi keçiriləcək və həmin proses başa çatdıqdan sonra ixtisas seçiminə start veriləcək. Hesab edirəm ki, apellyasiya mərhələsini də nəzərə alsaq, ixtisas seçimi təxminən avqust ayının ortalarına təsadüf edəcək".

Bu barədə Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirdi.

O qeyd etdi ki, ixtisas seçimi zamanı abituriyentlər son dərəcə diqqətli olmalıdırlar:

"Xüsusilə Dövlət İmtahan Mərkəzinin açıqladığı statistika ciddi şəkildə təhlil edilməlidir. Bununla yanaşı, plan yerlərinə də diqqət yetirmək vacibdir. Hər bir ixtisas üzrə plan yerlərinin artıb-artmadığını və ya azalıb-azalmadığını müəyyənləşdirmək lazımdır. Dövlət sifarişli yerlərə müraciət etmək istəyənlər isə məhz həmin ixtisasları ayrıca analiz etməlidirlər. Ümumiyyətlə, kor-koranə şəkildə, yalnız ötən ilin keçid ballarına əsaslanaraq ixtisas seçimi etmək qətiyyən doğru deyil. Çünki keçid balları hər il dəyişə bilər. Məsələn, ötən il hər hansı ixtisas üzrə keçid balı 400 olubsa, bu il 450-yə yüksələ bilər. Bu halda 430 bal toplayan abituriyent ötən ilin göstəricisinə güvənərək həmin ixtisası seçərsə, qəbul ola bilməz. Bu, əvvəlki illərin qəbul təcrübəsində dəfələrlə müşahidə olunub. Hətta yüksək bal toplayan abituriyentlər belə, düzgün ixtisas seçimi etmədikləri üçün ali təhsil müəssisələrinə qəbul ola bilməyiblər".

Müsahibimizin sözlərinə görə, əgər abituriyent və ya valideyn statistik məlumatları təhlil etmək və düzgün seçim aparmaq bacarığına malikdirsə ixtisas seçimini özü edə bilər:

"Hətta ən arzuolunan variant da məhz budur. Lakin bu sahədə çətinlik çəkirlərsə, statistik göstəriciləri düzgün analiz edə bilmirlərsə, mütəxəssis dəstəyindən istifadə etmələri faydalı olar. Çünki hər bir ixtisas yalnız ətraflı təhlildən sonra seçilməlidir. Kor-koranə edilən seçim illərlə çəkilən zəhmətin hədər getməsinə səbəb ola bilər. Burada bir vacib məqama da diqqət çəkmək istəyirəm. Son dövrlər sosial şəbəkələrdə, xüsusilə "TikTok" platformasında özünü ixtisas seçimi üzrə mütəxəssis kimi təqdim edən şəxslərin sayı artıbTəəssüf ki, bununla bağlı dələduzluq halları da müşahidə olunur. Mənə bir neçə valideyn müraciət edib və bildiriblər ki, sosial şəbəkələrdə aparılan canlı yayımlarda ixtisas seçimi xidməti adı ilə onlardan müəyyən məbləğ alınıb, lakin ödənişdən sonra həmin şəxslərlə əlaqə saxlamaq mümkün olmayıb. Bu səbəbdən valideynlər və abituriyentlər diqqətli olmalıdırlar. Tanınmış, fəaliyyəti və ünvanı bəlli olan, uzun illər bu sahədə çalışan mütəxəssislərə müraciət etmək daha məqsədəuyğundur. Sosial şəbəkələrdə tanımadıqları şəxslərə etibar edib ödəniş etmələri düzgün deyil. Çünki bu gün bir nömrə və ya hesabla fəaliyyət göstərib insanlardan pul toplayan, sonra isə bütün əlaqəni kəsən şəxslər var. Hətta belə halların bir qisminin xaricdən təşkil olunduğu da bildirilir. Buna görə də hər kəs bu məsələdə ehtiyatlı olmalı və dələduzların qurbanına çevrilməməlidir".

Həmsöhbətimizin fikrincə, Dövlət İmtahan Mərkəzi statistikanı açıqladıqdan sonra artıq hər bir ixtisas üzrə keçid ballarının artıb-artmayacağı və ümumi vəziyyət barədə daha dəqiq proqnoz vermək mümkün olacaq:

"Hazırkı mərhələdə konkret proqnoz vermək çətindir. Lakin statistika elan edildikdən sonra ixtisas qrupları üzrə daha real və əsaslandırılmış qiymətləndirmələr aparmaq mümkün olacaq".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən