Müəllimlər sosial şəbəkələrdə canlı dərs keçməlidirmi? - AÇIQLAMA 

 16:31 17.07.2026     1124

"Məktəbdə, siniflərdə çəkiliş etmək və onu paylaşmaq imkanı nə müəllimlərdə olacaq, nə də şagirdlərdə. Çünki bu yaxınlarda Elm və Təhsil Nazirliyi məktəblərdə telefon qadağası ilə bağlı qərar qəbul edib".

Bu barədə Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirdi.

Müsahibimiz vurğuladı ki, xüsusi yerlərdə və evlərdə hazırlıq keçən müəllimlər üçün bu məsələdə nə məhdudiyyət, nə də qadağa var:

"Ümumiyyətlə, müəllimlər işlərini daha çox öyrətməyə fokuslansalar, bu, valideynlər tərəfindən daha yaxşı qarşılanar. Yəni onlar üçün övladlarının təminatlı bir müəllimin yanında nələrsə öyrənməsi ilə bağlı bir fikir formalaşdırar. Ancaq qəribəsi odur ki, cəmiyyətimizdə də bu tip metodları sevənlər var və elələri var ki, məsələn, onlar sosial şəbəkələr üzərindən öz təcrübələrini paylaşırlar, dərs metodlarını paylaşırlar. Yəni, açığını desəm, bu, iki cür qarşılanır. Mən deyərdim ki, burada münasibət 50-nin 50-yədir. Yaxşı qarşılayanlar da var, pis qarşılayanlar da var".

Onun sözlərinə görə, yenilikçilər, müasir müəllimlər, dünya təcrübəsini öyrənən müəllimlər nədənsə daha çox bu cür piar qururlar:

"Ancaq o müəllimlər, vətəndaşlar, valideynlər, nənələr, babalar var ki, köhnə, ənənəvi sovet təhsil sistemindən keçmiş adamlardır və onlar bu kimi halları birmənalı olaraq qəbul etmirlər. Ona görə də cəmiyyətdə bu, öz yerini rahatlıqla tapa biləcək. Get-gedə çoxluq nəyi diktə eləsə, əlbəttə ki, müəllimlər də onlarla hesablaşmalı olacaqlar. Amma görünür, bugünün tələbi hələ ki, "TikTok", "Facebook" üzərindən canlı açıb öz metodikasını təbliğ etməkdən keçir. Yəni buraxaq zamanın ixtiyarına. Görək, hansını necə qarşılayacaqlar".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən