Süni intellekti bilməyən müəllimlər işsiz qala bilər – XƏBƏRDARLIQ
"Dövr artıq süni intellekt dövrüdür. Hər bir sahə üzrə elektron formada idarəetmə günümüzün bir hissəsinə çevrilib. Hər şey elektron formaya keçdiyi üçün yüksək texnologiya, süni intellekt və rəqəmsallaşma barədə məlumatlı olmalıyıq. İstər müəllim, istər mühəndis, istərsə də başqa sahənin mütəxəssisi olaq, fərqi yoxdur. Artıq bir müddət keçəndən sonra süni intellekt, demək olar ki, günümüzün bir hissəsinə çevriləcək".
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev səsləndirdi.
Həmsöhbətimiz hesab edir ki, gələcəkdə müəllimlər də süni intellekt sahəsində müəyyən biliklərə malik olmalıdır:
"Təbii ki, müəllimlərdən süni intellekt proqramı yazmalarını istəyə bilmərik. Bu, ayrı sahənin mütəxəssisləri tərəfindən həyata keçirilir. Amma, əlbəttə ki, müəyyən qədər məlumatları olmalıdır, biliyi və bacarıqları olmalıdır. Tutaq ki, orta təhsil məktəbində hər hansı bir şagird süni intellekt proqramı hazırlayırsa, müəllim də o proqrama bir baxış keçirməli, fikir ifadə etməlidir. Yəni bunlar olmalıdır.
Məsələn, deyirik ki, hər hansı fənlər üzrə artıq süni intellekt proqramları hazırlanacaq. Nümunə üçün, fizika fənni üzrə süni intellekt dərsləri hazırlanacaq. Bu dərslər əgər hazırlanacaqsa və müəllim bu dərslərdən köməkçi vasitə kimi istifadə edəcəksə, müəllimin özünün bundan məlumatı olmalıdır, yoxsa yox? Və yaxud da bundan işləmə qabiliyyətinə malik olmalıdır, yoxsa yox? İstifadə etmə qabiliyyətinə malik olmalıdır, yoxsa yox? Əlbəttə ki, olmalıdır".

Ramin Nurəliyev qeyd etdi ki, artıq süni intellekt və müasir texnologiyalar barədə məlumatlı olmayanlar getdikcə əmək bazarından sıxışdırılacaq:
"Ona görə də bu rəqabəti özündə əks etdirməyi düşünən şəxs və yaxud da peşə sahibi varsa, mütləq öz peşəsi ilə yanaşı, müasir texnologiyadan, süni intellektin istifadəsi qaydalarından da məlumatlı olmalıdır deyə düşünürəm. Bu, birmənalı olaraq belədir.
Düşünək ki, döyüşdəyik və biz döyüşdə silahdan istifadə etməyi bilmirik, bacarmırıq. Biz bu döyüşdə nə edəcəyik, qalibmi gələcəyik? Xeyr. Ya məğlub olacağıq, ya da döyüşdə sıradan çıxacağıq, yəni ölüb-itib gedəcəyik. Bu da belədir. Artıq süni intellektdən əgər məlumatımız yoxdursa, gələcək də süni intellekt istiqamətində qurulacaqsa, bizim bu sahədən məlumatımız yoxdursa, ya bu sahədə ixtisar olunacağıq, ya da əmək bazarından xaric olunacağıq".
Aytəkin TOFİQQIZI













