"Hazırlıq kursuna getmədən 95 bal topladım"
Gəncə şəhərində fəaliyyət göstərən coğrafiya müəllimi Məhəmməd Namazov müəllimlərin işə qəbulu (MİQ) imtahanında yüksək nəticə göstərib. O, imtahanda 95 bal toplamağa nail olub.
Orta məktəbdə çalışan M.Namazov Redaktor.az-a açıqlamasında bildirib ki, müəllim işlədiyi üçün ixtisas üzrə heç bir hazırlıq kursuna və ya repetitor yanına getmədən bu nəticəni qazanıb:
"Özüm hazırda fəaliyyətdə olan müəlliməm, ona görə də ixtisas üzrə əlavə hazırlıqlara ehtiyac duymadım. Nəticənin yüksək olacağını öncədən təxmin edirdim. Amma onu da qeyd edim ki, suallar əvvəlki illərlə müqayisədə xeyli rahat idi. Təbii ki, imtahanda məndən də yüksək bal toplayan həmkarlarımız var".
M.Namazov builki MİQ imtahanında iş yerini dəyişmək xatirinə iştirak etmədiyini vurğulayıb:
"Hazırda Gəncə şəhərində fəaliyyətimi uğurla davam etdirirəm. Bu imtahanda iştirakım yerdəyişmə məqsədi daşımırdı, sadəcə olaraq sualların səviyyəsi ilə yaxından tanış olmaq xarakteri daşıyırdı".
Qeyd edək ki, bu, gənc coğrafiya müəlliminin ilk uğuru deyil. Məhəmməd Namazov ötən il keçirilən müəllimlərin sertifikasiya imtahanında da 56 bal toplamağı bacarıb.
Müəllim sonda imtahan verən bütün həmkarlarına dəstək nümayiş etdirib: "MİQ imtahanında iştirak edən hər bir müəllimə, ixtisasından asılı olmayaraq, uğurlar və gələcək pedaqoji fəaliyyətlərində nailiyyətlər arzulayıram".
Aminə ŞAHSUVARQIZI













