"Universitet müəllimləri mütləq sertifikasiyadan keçməlidir" - Ekspertdən TƏKLİF
"Bizim ən böyük problemlərimizdən biri də universitetlərdə kadr hazırlığının arzuolunan səviyyədə olmamasıdır. Buna görə də universitet müəllimləri mütləq sertifikasiyadan keçməlidir. Sadəcə magistr dərəcəsi olan, elmi araşdırma etməyən, beynəlxalq məqalə yazmağı bacarmayan, Bolonya sisteminin tələbi ilə tədris prosesini aparmayan müəllimlər var universitetlərimizdə. Praktiki biliklərdən xəbərsiz, laboratoriya dərslərini tələbələrə aşılaya bilməyən müəllimlər var ki, universitetlərdə dərs keçirlər".
Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Ramin Nurəliyev özünün feysbuk hesabında yazıb.
"Müəllimlərin işə qəbulu (MİQ) imtahanında nəticə göstərə bilməyib, sadəcə magistr dərəcəsi ilə universitetlərdə müxtəlif yollarla əmək fəaliyyətinə başlayan müəllimlər də var. Beynəlxalq təhsil formasından xəbərsiz, mütəmadi tədqiqat işləri aparmayan, ali təhsilin tədrisindən bixəbər müəllimləri universitetdən uzaqlaşdırmaq lazımdır. Tədrisi ingilis dilində olan ixtisaslarda ingilis dilində tədris apara bilməyən, dərsin böyük bir qismini ingilis dilində keçməyən müəllimlər var. Kiminsə qohumu, tanışı, dostu, katibəsi savadsızdırsa, universitetdə qətiyyən dərs keçməməlidir. Bəlkə universitet müəllimlərini analiz edib, yoxlasaq, müəllimlərin sertifikasiyasından daha acı vəziyyətlə qarşılaşarıq", - deyə o vurğulayıb.
Aytəkin TOFİQQIZI













