Şagirdlər üçün yeni fənn gündəmdə: dərslərdə ciddi dəyişiklik təklif EDİLDİ
Maliyyə savadlılığının məktəblərdə tədrisi son dövrlərdə aktuallaşan məsələlərdən biridir. Şagirdlərin erkən yaşlardan puldan düzgün istifadə, büdcə planlaması və maliyyə riskləri barədə məlumatlandırılması vacib hesab olunur.
Bəs maliyyə savadlılığı məktəblərdə ayrıca fənn kimi tədris edilə bilər, yoxsa mövcud fənlərin tərkibinə daxil olunmalıdır?
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında bildirdi ki, əslində məktəblərdə maliyyə savadlılığı dərsinin ayrıca fənn kimi keçirilməsi mümkündür:
"Lakin beynəlxalq təcrübə göstərir ki, bunun üçün müvafiq mövcud fənlərin daxilində inteqrasiya olunmuş şəkildə tətbiq edilməsi daha effektiv və dayanıqlı yanaşmadır. Bunu ayrıca fənn kimi yox, sadəcə olaraq fənlərin daxilində inteqrasiya olunmuş şəkildə tətbiq etmək daha vacibdir. Yəni burada sırf məhz bu baxımdan bunu ayrıca fənn və yaxud fənlərarası inteqrasiya formatında məsələyə yanaşmanın müqayisəsini verəcəyəm. Burada aydın məsələdir ki, ayrıca fənn kimi tədris edəndə dərs yükü məsələsi həqiqətən də müzakirə mövzusuna çevrilir. Şagirdlərin ümumilikdə həftəlik dərs saatını və akademik yüklənməsini bu, təbii ki, artıracaq. Yəni söhbət ayrıca fənn kimi tədrisdən gedir. Amma fənlərarası inteqrasiya, hansı ki mən sırf bunu tövsiyə edərdim, mövcud saatlar çərçivəsində tətbiq olunur və əlavə yük yaratmadan, eyni zamanda yeni bacarıqlar, biliklər və səriştələr qazandırır. Həmçinin maddi-texniki baza baxımından da biz buna baxmalıyıq. Çünki ayrıca fənn kimi tədris olunanda yeni dərsliklər, proqramlar və ayrıca müəllim ştatı və müəllim hazırlığı tələb olunur. Amma mövcud dərsliklərin metodiki vəsaitlərinə əlavə edilməklə biz bunu fənlərarası inteqrasiya şəklində edəndə bu problemlər ortaya çıxmır".

Onun sözlərinə görə, həmçinin ayrıca fənn kimi tədris nəzəriyyəyə qapanma və sadəcə qiymət xatirinə oxuma riskini yaradır:
"Amma həyati bacarıqlar kimi digər elementlərlə sintez olunanda, əlbəttə ki, o daha çox yadda qalan və həm də əzbərçilikdən fərqli olaraq yeni bacarıqlar aşılamış olur. Maliyyə ixtisaslı kadr çatışmazlığı təbii ki, qaçılmazdır. Amma mövcud müəllimlər qısamüddətli təlimlərə cəlb olunsalar, onlara ayrı-ayrı fənlərin daxilində bu bilikləri vermək mümkündür. Müasir kurikulum strategiyasında yeni fənn əlavə etmək mexaniki yüklənməyə təbii ki, səbəb olacaq. Maliyyə savadlılığının ayrıca mövcud fənlərin daxilində öyrədilməsi ilə bağlı mən o fikirdəyəm ki, daha çox fayda verər.
Biz bir il bundan öncə “Fənn münasibətləri: Yeni biliklər istehsalı” adlı ölkədə ilk tədqiqat işimizi, monoqrafiyamızı məhz ali məktəblər üçün və bütövlükdə təhsil ictimaiyyəti üçün hazırlayaraq istifadəyə verdik. Həmin kitabda biz ümumilikdə fənn münasibətlərinə inter-, multi- və transdisiplinar yanaşmalar çərçivəsində yeni biliklərin məhz daha çox fayda verəcəyi ilə bağlı bütövlükdə kifayət qədər geniş elmi araşdırmaları, həm də zəruriliyini bütövlükdə həm təhsil alanlar, həm də təhsil verənlər üçün faydalarına toxunmuşuq.
Kurikulum sistemində kifayət qədər, zatən, biz yüklənmələri bilirik və hər zaman qeyd edirik ki, dərsliklər çətindir, bütövlükdə mövcud məzmun kifayət qədər şagirdlərin yüklənməsinə gətirib çıxarır. Eyni zamanda bu mexaniki yüklənmələr həm əlavə yorğunluq yaradır, həm bütövlükdə şagirdlər üçün əlavə problemlər və onların asudə vaxtına müdaxilə kimi dəyərləndirilir. Mən hesab edirəm ki, tutaq ki, biz mühasibatlıqla bağlı ayrı-ayrı bilikləri riyaziyyat fənni daxilində ötürə bilərik. Tutaq ki, faiz hesablamalarıdır, inflyasiyadır, büdcə tərtibidir, gəlir-çıxar tənzimlənməsidir – bunlar real həyat misalları üzərində tədris olunarsa, hesab edirəm ki, əlbəttə ki, biz lazımi bilikləri vermiş olacağıq. Çünki məktəb maliyyə savadlılığını tək öyrətmək üçün deyil, ümumi bilikləri, hesab edirəm ki, çatdırmalıdır. Lakin, məsələn, mən deyirəm ki, şəxsi gigiyena və təhlükəsizlik qədər şəxsi büdcənin idarə edilməsi, qənaət mədəniyyəti, israfçılığın qarşısının alınması kimi bilikləri biz məhz Həyat bilgisi fənni daxilində çatdıra bilərik. Eyni zamanda İnformatika və rəqəmsal bacarıqlar vasitəsilə elektron bankçılıqdır, kibertəhlükəsizlikdir, rəqəmsal ödənişlərdir, onlayn maliyyə fırıldaqlarından qorunma yollarıdır – bunları öyrətmək olar. Eyni zamanda tarix və coğrafiya vasitəsilə, tutaq ki, pulun yaranma tarixi, bank sistemlərinin inkişafı və qlobal iqtisadiyyatın dərk edilməsi, düşünürəm ki, təmin edilə bilər".
Müsahibimiz hesab edir ki, məktəblərdə bu biliklərin uğurla tətbiq edilməsi üçün həm də mexaniki ardıcıllıq olmalıdır:
"Burada kurikulumun yenilənməsi çox önəmlidir. Riyaziyyat və Həyat bilgisi dərsliklərinə sırf real həyata uyğun maliyyə keysləri daxil edilməlidir. Həm də hesab edirəm ki, bu istiqamətdə müəllimlərə bilik və bacarıqlar mütləq şəkildə öncədən aşılanmalıdır. Tutaq ki, bunu Mərkəzi Bank və Təhsil İnstitutu tərəfindən müəllimlər üçün məktəblərdə iqtisadi təfəkkürün formalaşdırılması mövzusunda təlimlər təşkil olunmaqla həyata keçirmək olar. Həmin təlimlər vasitəsilə müəllimlər öncədən bu mövzularda hazırlıq keçərək biliklər əldə etmiş olacaqlar. Növbəti mərhələdə isə bunu şagirdlərə düzgün, doğru şəkildə və həm də savadlı şəkildə çatdıra bilərlər. Şagirdin məktəbdə öyrəndiyi qənaət və büdcə prinsipləri, tutaq ki, evdə valideyn tərəfindən praktiki olaraq cib xərcliyinin idarə edilməsi ilə dəstəklənə bilər.
Burada həm də qiymətləndirmə metodunun dəyişməsi çox böyük əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu sahədə test imtahanı yox, tutaq ki, layihə əsaslı qiymətləndirmə tətbiq edilə bilər. Məsələn, məhz sizə bir nümunə çəkəcəyəm: tutaq ki, virtual biznes planın qurulması tapşırığı formatında.
Ümumilikdə maliyyə savadlılığı uşaqlara pulla davranmağı, riskləri qiymətləndirməyi və gələcəkdə bütövlükdə maliyyəni idarə etməyi öyrədir. Lakin ən böyük risk bu dərsin sadəcə kağız üzərində, quru iqtisadi terminlərə təhvil verilməsidir. Əgər şagird investisiya növlərini əzbərləyib real həyatda, tutaq ki, bütövlükdə bunu tətbiq edə bilmirsə, əlbəttə, bu təhsil səmərəsiz olacaq. Bu səbəbdən ayrıca fənn yaratmaq əvəzinə mövcud proqramları rasionallaşdırıb maliyyə bacarıqlarını onların tərkib hissəsinə çevirmək, mən düşünürəm ki, ən effektiv yoldur. Artıq düşünürəm ki, zaman gəlib ki, biz bütövlükdə məhz buna, məktəbdə keçirilən dərslərin məzmununa bir daha nəzər salaq. Xüsusilə fənn münasibətləri kontekstində yeni bilikləri, səriştələri, bacarıqları biz məhz o dərslərdə ötürə bilək. Həm də bilikləri elə verək ki, o, əzbərçilik yox, bütövlükdə real bacarıqlar əldə etməklə həm də daimi və yadda qalan olsun".
Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi isə qeyd etdi ki, maliyyə savadlılığı ən azı hansısa fənnin daxilində təqdim oluna bilər:

"Əvvəllər, məsələn, yuxarı təhsil pilləsində “İqtisadiyyatın əsasları” fənni tədris olunurdu. Düşünürəm ki, ən azı buna yaxın, yalnız yuxarı təhsil pilləsində, 9, 10, 11-ci sinifləri əhatə etməklə, müəyyən proqramda nəzərdə tutulan informasiyalar şagirdlərə ya maliyyə savadlılığı fənni, ya da “İqtisadiyyatın əsasları” fənni kimi təqdim oluna bilər. Amma ümumilikdə hər fənn tətbiq olunduqca bu, şagirdlərin dərs yükünü də artırır və nəticədə cəmiyyət tərəfindən bir rezonans yaranır ki, dərs yükü artır. Ona görə düşünürəm ki, ya bunu hansısa fənnin bölməsi kimi, bir bölməni sırf bu mövzuya həsr etməklə tədris etmək mümkündür, yaxud da əgər biz bunu ayrıca bir fənn kimi tədris edəriksə, o zaman hansısa fənnin dərs saatından mütləq azaltmalıyıq.
Bunları tətbiq edə bilmiriksə, ən yaxşısı biz qəbul etməliyik ki, hansısa bölmənin daxilində bu mövzuların işlənməsi və tədrisi həyata keçirilsin. Çünki son anda belə bir qərar alınsa, həm təhsil proqramında müəyyən dəyişiklik olmalıdır, həm də qanunvericilikdə müəyyən dəyişiklik olmalıdır. Bu da müəyyən qədər zaman tələb edir. Ona görə də yaxın tarixdə ümumiyyətlə belə bir qərarın alınacağını hələ ki düşünmürəm. Ola bilər, bir neçə il sonra belə bir istiqamətdə işlər görülə bilər".
Aytəkin TOFİQQIZI
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.














