Diplom yox, bacarıq dövrü başlayır – Təhsildə yeni mərhələ
Əmək bazarının tələblərinə uyğun olaraq ali və orta ixtisas təhsili proqramları tələbata uyğun olaraq yeniləcək. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda əksini tapıb.
Proqramlar yenilənərkən hansı nüanslara diqqət etmək lazımdır?
Bakı şəhəri Suraxanı rayonu V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin Tədris işləri üzrə direktor müavini, məktəb idarəetmə sahəsində 3 kitab müəllifi və təlimçi, "Azərbaycan Təhsili" marifləndirici sosial platformasının rəhbəri Aqşin Kazımov Redaktor.az-a açıqlamasında bildirdi ki, ali və orta ixtisas təhsili proqramlarının əmək bazarının tələblərinə uyğun yenilənməsi müsbət və zəruri addımdır.
Müsahibimizin sözlərinə görə, bu proses yalnız fənlərin adının dəyişdirilməsi ilə məhdudlaşmamalıdır:
.png)
"İlk növbədə, proqramların hazırlanmasında işəgötürənlərin, sənaye nümayəndələrinin və peşəkar birliklərin rəyi əsas götürülməlidir. Çünki əmək bazarında tələb olunan bacarıqları ən yaxşı həmin sahələr müəyyən edir.
Digər mühüm məsələ nəzəri biliklə praktik bacarıqlar arasında balansın gücləndirilməsidir. Tələbələrin istehsalat təcrübəsi, dual təhsil modeli, layihəəsaslı öyrənmə və real iş mühitində təcrübə imkanları genişləndirilməlidir. Bundan əlavə, proqramlara rəqəmsal bacarıqlar, süni intellektdən səmərəli istifadə, məlumatların analizi, kibertəhlükəsizlik, xarici dil, kommunikasiya, komandada işləmək, liderlik və problem həll etmə kimi XXI əsr bacarıqları daha geniş şəkildə inteqrasiya edilməlidir.
Eyni zamanda proqramların mütəmadi monitorinqi aparılmalı, məzunların məşğulluq göstəriciləri və işəgötürənlərin rəyləri əsasında ən azı hər 3–5 ildən bir yenilənməsi təmin olunmalıdır. Əsas məqsəd diplom verən deyil, əmək bazarında rəqabətədavamlı, çevik düşünən və peşəkar bacarıqlara malik məzun yetişdirən təhsil sistemi formalaşdırmaq olmalıdır".
Aytəkin TOFİQQIZI













