Sovet sistemi hələ də universitetlərdən çıxmayıb – Ekspertdən sensasion iddia
Azərbaycanda iqtisadiyyatın prioritet sahələri üzrə əmək bazarının tələblərinə uyğun peşə təhsili proqramlarının hazırlanması planlaşdırılır. Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda qeyd olunub.
Bildirilib ki, ilkin nəticə əmək bazarının tələblərinə uyğun müvafiq ixtisaslar üzrə beynəlxalq sertifikat proqramlarını mövcud peşə təhsili proqramları ilə uyğunlaşdırma imkanlarının müəyyən edilməsidir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, ölkəmizdə fəaliyyət göstərən peşəyönümlü sahələrin bir çoxu hazırda passiv vəziyyətdədir:
"Bu gün istər ali təhsil müəssisələrini, istərsə də peşə təhsili müəssisələrini bitirənlər olsun, bir çox ixtisaslar üzrə gənclərimizə həmin sahənin öyrədilməsində problemlər var və bu sahələr kifayət qədər öyrədilmir.
Cənab Prezidentin burada əsas istəyi bundan ibarətdir: beynəlxalq sertifikatları alan şəxslərə hansı formada təhsil verilirsə, biliklər öyrədilirsə, biz də öz ölkəmizdə bu sahələr üzrə peşəyönümlü bilikləri həmin formada öyrətməyə çalışmalıyıq. Yəni elə bir səviyyədə öyrətməyə çalışmalıyıq ki, həmin şəxs beynəlxalq sertifikat alarkən əldə etdiyi biliyin eynisini mənimsəmiş olsun.
Bu istiqamətdə 2030-cu ilədək Tədbirlər Planı var. Təbii ki, bu Tədbirlər Planından qurumlar müəyyən nəticə çıxarmalıdırlar. Elm və Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin rəhbərləri bundan nəticə çıxarmalıdırlar. Yəni mövcud peşə təhsili proqramlarının mənimsənilməsi və öyrədilməsi beynəlxalq təcrübəyə qətiyyən uyğun deyil. Bunun adı Boloniya sistemidir. Amma Boloniya sisteminin öyrədici mexanizmi bizdə məhz yoxdur və tətbiq olunmur. Əlbəttə, bunu bütün ali təhsil müəssisələrimizə şamil etmək olmaz. Bir neçəsi istisna olmaqla, əksəriyyətində vəziyyət acınacaqlıdır".
Onun sözlərinə görə, bu məsələlərin tənzimlənməsi istiqamətində, əlbəttə ki, beynəlxalq standartlara uyğun olaraq tədris prosesini həyata keçirməliyik:
"Boloniya sistemini tətbiq ediriksə, bu sistemin bizə nə verəcəyini aydınlaşdırıb, mənimsəyib, ona uyğun tədris planını həyata keçirməliyik.
Biz Boloniya sistemi deyirik, amma tətbiq etdiyimiz sistem Boloniya sistemi deyil. Tətbiq etdiyimiz təhsil sisteminin yarısı sovet təhsil sistemidir. Nəzəri biliklərin aşılanması, kitabdan oxuma, imtahan suallarına hazırlaşmaq və sair. Bu şəkildə yalnız nəzəri biliklərlə ali təhsil vermək, demək olar ki, mümkün deyil. Nəzəri biliklərlə ali təhsildə kadr hazırlamaq, demək olar ki, imkansızdır. Ona görə də bizim üçün beynəlxalq standartlara uyğun ali təhsil modelinin formalaşdırılması və peşəyönümlü sahələrin tədris olunması mütləqdir".
Aytəkin TOFİQQIZI













