"Yüksək müəllimlik səviyyəsini yalnız sinifdə görmək mümkündür" - AÇIQLAMA
"Sertifikasiya müəllimin bütün peşəkarlığını ölçmür. O, əsasən müəllimin fənn biliyini, pedaqoji nəzəri hazırlığını və müəyyən peşə səriştələrini qiymətləndirir. Ancaq müəllimlik təkcə bilik deyil, həm də bu bilikləri sinifdə tətbiq etmək bacarığıdır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Bakı şəhəri Suraxanı rayonu V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin Tədris işləri üzrə direktor müavini, məktəb idarəetmə sahəsində 3 kitab müəllifi və təlimçi, "Azərbaycan Təhsili" marifləndirici sosial platformasının rəhbəri Aqşin Kazımov bildirdi.
"Müəllimin peşəkarlığını müəyyən edən əsas komponentlər fənn biliyi, metodiki hazırlıq, sinif idarəetməsi, şagirdləri motivasiya etmək bacarığı, ünsiyyət və əməkdaşlıq, valideynlərlə düzgün iş, şagirdlərin öyrənmə nəticələrinə real təsiridir.
Məhz sinif idarəetməsi müəllim peşəsinin ən çətin və ən vacib tərəflərindən biridir. Elə müəllim olur ki, testdə 90 bal toplayır, lakin 45 dəqiqə ərzində sinifdə işgüzar mühiti qura bilmir. Digər tərəfdən, elə müəllim də var ki, test nəticəsi orta səviyyədədir, amma şagirdləri motivasiya edir, dərsi maraqlı keçir, intizamı təmin edir və yüksək təlim nəticələri əldə edir. Nümunə bunu çox yaxşı göstərir: 59 bal toplamış müəllimi kənd sakinləri məktəbdə saxlamağı israrla istəyirlər. Bu, çox vaxt həmin müəllimin şagirdlərə münasibəti, öyrətmə bacarığı, vicdanlı işi və cəmiyyətdə qazandığı etimadla bağlı olur. Deməli, test nəticəsi ilə müəllimin real pedaqoji təsiri həmişə üst-üstə düşmür.
Buna görə beynəlxalq təcrübədə də müəllimin fəaliyyəti adətən bir neçə mənbə əsasında qiymətləndirilir: Peşə biliklərinin qiymətləndirilməsi, dərsin müşahidəsi və təhlili, şagird nailiyyətlərinin inkişaf dinamikası, peşəkar inkişaf fəaliyyəti, məktəb rəhbərliyinin müşahidələri və inkişaf yönümlü rəy.
Bu yanaşma daha obyektiv hesab olunur, çünki müəllimlik yalnız "nə bilir?" sualına deyil, həm də "bildiyini sinifdə necə tətbiq edir?" sualına cavab verməyi tələb edir. Yəni, sertifikasiya müəllimin peşəkarlığını qiymətləndirmək üçün vasitələrdən biridir, lakin yeganə meyar kimi qəbul olunarsa, müəllimin real fəaliyyətini tam əks etdirməyə bilər. Məktəbdə dərsdinləmələr, sinif idarəetməsi, şagird inkişafı və pedaqoji fəaliyyətin digər tərəfləri də qiymətləndirmənin vacib hissələridir".
Müsahibimiz vurğuladı ki, mövzuya elmi və idarəetmə baxımından yanaşmaq lazımdır:
.png)
"Əsas məsələ budur ki, "müəllimin peşəkarlığı nədir və onu hansı alətlərlə ölçmək mümkündür?". Bu sualın cavabı həm təhsil nəzəriyyəsində, həm də beynəlxalq qiymətləndirmə sistemlərində uzun illərdir araşdırılır.
Son illər Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması təhsil sistemində həyata keçirilən mühüm islahatlardan biri kimi təqdim olunur. Sertifikatlaşdırmanın əsas məqsədi müəllimlərin peşə biliklərini və səriştələrini qiymətləndirmək, tədrisin keyfiyyətini yüksəltmək və müəllimlərin davamlı peşəkar inkişafını stimullaşdırmaqdır. Lakin praktik məktəb idarəçiliyi göstərir ki, yüksək sertifikasiya nəticəsi həmişə yüksək müəllimlik bacarığı demək deyil. Bu fikri yalnız subyektiv müşahidələr deyil, beynəlxalq tədqiqatlar da dəstəkləyir.
Müəllimlik yalnız bilik deyil. Əgər müəllimlik yalnız fənn biliyindən ibarət olsaydı, ən yaxşı müəllimlər universitetlərin ən yüksək bal toplamış məzunları olardı. Halbuki dünyanın heç bir ölkəsində belə nəticə müşahidə edilmir.
Müəllimin fəaliyyəti çoxmeyarlı model əsasında qiymətləndirilməlidir: 30% – fənn və pedaqoji biliklərin qiymətləndirilməsi (sertifikasiya), 30% – dərsin müşahidəsi və sinif idarəetməsi, 20% – şagirdlərin inkişaf dinamikası, 10% – peşəkar inkişaf fəaliyyəti, 10% – məktəbin inkişafına və komanda işinə töhfə. Bunlar nümunədir".
Aqşin Kazımov hesab edir ki, sertifikasiya müəllimin peşəkar inkişafı üçün vacib mexanizmdir:
"Lakin onu müəllimin yeganə peşəkarlıq göstəricisi hesab etmək elmi və praktik baxımdan düzgün olmaz.
Əsl müəllim yalnız yüksək bal toplayan deyil. Əsl müəllim şagirdə öyrənməyi sevdirən, sinifdə təhlükəsiz və motivasiyaedici mühit yaradan, hər bir uşağın inkişafına təsir göstərən, cəmiyyətə faydalı vətəndaş yetişdirən müəllimdir. Yüksək bal müəllimin bilik səviyyəsini göstərə bilər. Amma yüksək müəllimlik səviyyəsini yalnız sinifdə görmək mümkündür".
Aytəkin TOFİQQIZI












