Attestat və diplomlar elektronlaşır - Yeni sistemin DETALLARI
“Yəqin ki, müşahidə etmisiniz, ölkədə ilk elektron diplom da peşə təhsili tələbəsinə təqdim edilib. Həmin tələbə Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzinin məzunudur. Bununla bağlı paylaşım da etmişik. Yəni ilk elektron diplom almaq məhz həmin tələbəyə nəsib olub”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün təşkil olunan media birifinqində səsləndirdi.
“Bu da göstərir ki, artıq attestatlar, diplomlar, ali təhsil və digər təhsil sənədlərinin elektronlaşdırılması prosesi başlayıb və getdikcə daha da sürətlənir.
Bunun tələbə qəbuluna təsir edəcəyini düşünmürəm. Qəbul prosesi qeyd etdiyiniz kimi, 23 iyuldan avqustun sonunadək davam edəcək. Həmin müddətə qədər bütün məlumatlar artıq elektron sistemdə əlçatan olacaq. Ona görə də burada hər hansı narahatlığa əsas yoxdur. Hər şey normal qaydada davam edəcək. Əgər hər hansı texniki və ya digər səbəbdən kimsə sənədini əldə edə bilməsə, təbii ki, bu da nəzərə alınacaq və məsələ digər qaydada həll ediləcək”.
Aytəkin TOFİQQIZI












