Bakı Qızlar Universitetinin fəaliyyəti ilə bağlı müəyyən suallar yaranıb - AÇIQLAMA
"Bakı Qızlar Universitetinin bağlanması ilə bağlı son günlər müzakirə olunan məsələlər artıq valideynləri, orada təhsil alan tələbələri, hətta əvvəlki illərin məzunlarını da narahat edir. Məlumat üçün qeyd edim ki, əvvəlki illərin məzunlarının narahat olması üçün heç bir əsas yoxdur. Onlar artıq diplomlarını alıblar və bundan sonra nə əmək fəaliyyətlərində, nə də gələcək karyeralarında hər hansı problemlə üzləşməyəcəklər".
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli səsləndirdi.
O qeyd etdi ki, Azərbaycan belə hallarla əvvəllər də qarşılaşıb:
"Məsələn, Beynəlxalq Universitet akkreditasiya tələblərinə uyğun olmadığı üçün bağlanıb, eyni səbəbdən Asiya Universiteti və Təfəkkür Universiteti də fəaliyyətini dayandırıb. Həmin ali təhsil müəssisələrinin tələbələri topladıqları bala və ixtisaslarına uyğun olaraq digər universitetlərə köçürülüblər. Yəni akkreditasiya uyğunsuzluğuna görə universitet bağlanarsa, buna görə tələbə məsuliyyət daşımır. Əgər qəbul prosesi qanunvericiliyə uyğun aparılıbsa və tələbələr Dövlət İmtahan Mərkəzinin xətti ilə qəbul olunublarsa, onların digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı hər hansı maneənin yaranacağını düşünmürəm".
Ekspert əlavə etdi ki, Dövlət İmtahan Mərkəzi artıq 2026-2027-ci tədris ili üçün bu universitetə magistratura üzrə qəbul aparmayacaq:
"Lakin bakalavr pilləsi ilə bağlı hələlik hər hansı rəsmi qərar eşitməmişəm. Bununla belə, böyük ehtimalla akkreditasiya standartlarına uyğunsuzluq müəyyən risklər yaradır. Digər tərəfdən, magistratura üzrə qəbulun dayandırılması ali təhsilin pillələri arasında müəyyən qırılma yaradır. Özəl universitetlərin maliyyə resurslarının əsas hissəsi tələbə ödənişlərindən formalaşdığı üçün bu amil də universitet üçün əlavə risk hesab oluna bilər. Bu baxımdan düşünürəm ki, Bakı Qızlar Universitetinin gələcək fəaliyyəti ilə bağlı müəyyən suallar yaranıb. Yəqin ki, yaxın vaxtlarda Elm və Təhsil Nazirliyi, eləcə də Ali Təhsil üzrə Dövlət Agentliyi bu məsələ ilə bağlı rəsmi açıqlama verərək məsələyə aydınlıq gətirəcəklər".
Xədicə BAXIŞLI












