Azərbaycanda Süni İntellekt İnstitutu yaradılır – VACİB AÇIQLAMA
"Süni intellektlə bağlı institutun yaradılması, eyni zamanda dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da ilk iclasdakı çıxışı zamanı süni intellektin dövlətin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğuladı".
Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Səbuhi Abdullayev bildirdi.
Onun fikrincə, Süni İntellekt İnstitutunun yaradılmasında əsas məqsəd bu sahənin digər peşələrə, müxtəlif fəaliyyət istiqamətlərinə, eyni zamanda sənayeyə müsbət təsir göstərməsidir:

"Təbii ki, süni intellektin bir mərkəzdən idarə olunması həm təhlükəsizlik baxımından əlverişlidir, həm də inkişafın vahid şəkildə koordinasiya edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu yanaşma ölkəmizin elm, təhsil və iqtisadi potensialının artırılmasına da öz müsbət təsirini göstərəcəkdir. Bu institutun yaradılması zamanın tələbidir. Buna uyğun olaraq, burada fəaliyyət istiqamətlərinin formalaşdırılması, eləcə də yeni tendensiyalara uyğun işlərin həyata keçirilməsinə böyük ehtiyac vardır. Bu baxımdan Süni İntellekt İnstitutunun qısa müddətdə formalaşması gənc tədqiqatçıların elmi potensialının artırılmasına və ümumilikdə bu sahənin inkişafına öz müsbət töhfəsini verəcəkdir".
Xədicə BAXIŞLI












