Magistratura imtahanına ixtisas fənlərindən sual salınacaq? - AÇIQLAMA
"Magistraturaya qəbul imtahanında iştirak etmək üçün 23 min nəfər müraciət edib. Hazırda isə 15 min 600 nəfər ixtisas seçimi aparıb. 17 min 600 plan yeri olduğu halda, cəmi 15 min 600 nəfər kodlaşdırma aparıb. Belə çıxır ki, magistraturada təxminən 2 min plan yeri boş qalacaq".
Bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi.
Onun fikrincə, magistraturaya sənəd verənlərin sayının azalmasının iki əsas səbəbi var:
"Magistratura imtahanlarına marağın aşağı olması və imtahanda ixtisasa aid sualların yer almaması. Bu istiqamətdə müvafiq maarifləndirmə işləri aparılmalıdır. Gənclərin, xüsusilə də akademik karyerasının inkişaf etdirilməsi istiqamətində həm işəgötürənlər, həm də imtahanı keçirən qurum tərəfindən müəyyən məsələlər nəzarətdə saxlanılmalıdır.
Bakalavr və magistr pilləsini bitirənlərə əməkhaqqı məsələsində müəyyən dəstək göstərilməlidir. İşəgötürənlər tərəfindən bu iki təhsil səviyyəsi arasında müəyyən fərqlər formalaşdırılmalıdır. Bununla yanaşı, magistratura məzunlarının, xüsusilə də əmək bazarına qoşulmasına dəstək göstərilməlidir. Məsələn, məktəbləri nümunə götürək. Dövlət İmtahan Mərkəzinin qəbul imtahanında yüksək nəticə göstərmiş, eləcə də magistraturanı bitirmiş şəxslərin karyera pillələrində irəliləməsinə xüsusi diqqət yetirilməlidir. Direktor müavinləri arasında magistr dərəcəsi olanlara üstünlük verilməsi bu sahəyə marağın artmasına səbəb ola bilər".

R.Nurəliyev vurğuladı ki, əmək müqavilələrində əməkhaqqının artırılması və müəyyən fərqlərin formalaşdırılması magistratura təhsilinə marağın artmasına təkan verə bilər:
"Hesab edirəm ki, magistraturada vəziyyət bu şəkildə davam edərsə, bu, istər-istəməz gələcəkdə ali təhsil müəssisələrində dərs deyən və gələcəkdə dərs deyəcək kadrların sayına da mənfi təsir göstərə bilər. Bu isə, əlbəttə ki, arzuolunan vəziyyət deyil. Beynəlxalq təcrübəyə baxdıqda görürük ki, gənclərin magistratura, doktorantura və alimlik dərəcəsi əldə etməsi istiqamətində müxtəlif təşviqedici addımlar atılır. Bizdə də bu istiqamətdə lazımi dəstəyin göstərilməsi məqsədəuyğun olardı.
Bununla yanaşı, magistratura imtahanında ixtisas fənləri üzrə sualların, xüsusilə də Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanması daha məqsədəuyğun olardı. Çünki humanitar ixtisasları bitirənlər mövcud imtahan modelində məntiq, informatika və ingilis dili fənlərindən ciddi çətinlik çəkirlər. Bir çoxu da məhz buna görə magistratura imtahanında iştirak etməkdən imtina edir. Bu da gənclərin magistr təhsili almasına, eləcə də alimlik dərəcəsi istiqamətində irəliləməsinə mənfi təsir göstərir. Düşünürəm ki, bu istiqamətdə lazımi addımlar atılarsa, gənclərin magistraturaya müraciət sayı da arta bilər".
Aytəkin TOFİQQIZI












