150 bal toplayan abituriyentlər bu ixtisasları seçə biləcəklər - DİM-dən AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı isə 50-dən az olmayan abituriyentlərin seçə biləcəyi ixtisasların siyahısını açıqlayıb.
DİM-dən Redaktor.az-a verilən məlumata görə, müəyyən ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və ikinci mərhələ üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılır. Dövlət sifarişi əsasında ayrılan yerlər üzrə isə tələb olunan göstəricilər ümumi bal üzrə 200, ikinci mərhələ üzrə 100 baldır.
I ixtisas qrupu
150/50 bal tələbi ilə ödənişli əsaslarla müsabiqəyə aşağıdakı ixtisaslar üzrə abituriyentlər buraxılır:
- Meliorasiya mühəndisliyi
- Texnologiya müəllimliyi
- Ekologiya mühəndisliyi
2026-cı ildən etibarən bu siyahıya aşağıdakı ixtisaslar da əlavə edilib:
- Kompüter mühəndisliyi
- İnformasiya texnologiyaları
- Qida mühəndisliyi
- Elektrik və elektronika mühəndisliyi
- Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
- Mexanika mühəndisliyi
- Radiotexnika və telekommunikasiya mühəndisliyi
Bundan əlavə, əvvəlki illərdə olduğu kimi, aşağıdakı ixtisaslar üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsində 150/50 bal toplamış abituriyentlər iştirak edə bilərlər:
- Aqromühəndislik
- Aqronomluq
- Balıqçılıq
- Meşəçilik
- Şərabçılıq
- Torpaqşünaslıq və aqrokimya
- Yerquruluşu və daşınmaz əmlakın kadastrı
- Zoomühəndislik
II ixtisas qrupu
Ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə 150/50 bal tələbi ilə aşağıdakı ixtisaslar üzrə abituriyentlər buraxılır:
- Marketinq
- Biznesin idarə edilməsi
- Turizm bələdçiliyi
- Turizm işinin təşkili
2026-cı ildən etibarən isə aşağıdakı ixtisaslar üzrə də 150/50 bal tələbi tətbiq olunur:
- Mühasibat
- Dövlət və bələdiyyə idarəetməsi
- Maliyyə
- İqtisadiyyat
- Menecment
- Beynəlxalq ticarət və logistika
- Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)
III ixtisas qrupu
Aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsində 150/50 bal toplamış abituriyentlər iştirak edə bilərlər:
- Muzey, arxiv işi və abidələrin qorunması
- Sosial iş
- Regionşünaslıq (regionlar üzrə)
IV ixtisas qrupu
Ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə 150/50 bal tələbi ilə Ekologiya ixtisası üzrə abituriyentlər buraxılır.
Həmçinin aşağıdakı ixtisaslar üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla ayrılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və ikinci mərhələ üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:
- Bağçılıq və tərəvəzçilik
- Baytarlıq təbabəti
- Bitki mühafizəsi
- Su bioehtiyatları və akvakultura
DİM bildirir ki, bu göstəricilər abituriyentlərin müsabiqəyə buraxılması üçün tələb olunan minimum ballardır. Konkret ixtisaslar üzrə keçid balları isə müsabiqənin nəticələrinə əsasən formalaşır.
AYTƏKİN












