Xəzər Universitetində Çində təhsil imkanı yaradan yenilik - Dosent DANIŞDI
"Xəzər Universiteti bu il fəaliyyətinin 35 illiyini qeyd edir. 1991-ci il martın 18-də fəaliyyətə başlayan universitet ölkədə müstəqillik dövründə yaradılmış ilk özəl ali təhsil müəssisəsi olmaqla yanaşı, Qərb təhsil modelini tətbiq edən, beynəlxalq yönümlü və əsasən ingilis dilində təhsil verən ilk ali məktəblərdən biridir".
Bu sözləri Redaktor.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzində keçirilən ali təhsil müəssisələrinin sərgisində Xəzər Universitetini təmsil edən universitetin Dillər və ədəbiyyatlar departamentinin dosenti Ülvi Babasoy bildirdi.
Onun sözlərinə görə, bu gün Xəzər Universiteti Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri kimi bakalavr, magistratura və doktorantura səviyyələrində geniş təhsil imkanları təqdim edir:
"Universitetdə hazırda 37 bakalavr, 35 magistr və 21 doktorantura proqramı fəaliyyət göstərir. Tədris proqramları əmək bazarının tələblərinə uyğun yenilənir, tələbələrin nəzəri bilikləri müasir laboratoriyalar və praktik layihələr vasitəsilə möhkəmləndirilir.
Universitetin beynəlxalq nüfuzu ildən-ilə artır. Xəzər Universiteti "QS EECA University Rankings" 2022 reytinqində Azərbaycan universitetləri arasında 1-ci yerdə qərarlaşıb. 2026-cı ildə açıqlanan QS World University Rankings nəticələrinə əsasən, Xəzər Universiteti dünyanın 801–850-ci universitetləri sırasında qərarlaşıb və Azərbaycan üzrə ilk dördlükdə yer alıb. Eyni zamanda, "Times Higher Education Impact Rankings" 2026 reytinqində 301–400 intervalına yüksəlib. Bu göstəricilər universitetin həm akademik keyfiyyətini, həm də davamlı inkişaf məqsədlərinə verdiyi töhfəni bir daha təsdiqləyir".
Dosent bildirdi ki, universitet tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişafına xüsusi diqqət yetirir:
"Xəzər Universitetində “Ümumi fizika”, “Kimya, Neft və Qaz Mühəndisliyi”, “Neft və qaz yataqlarının kompüter simulyasiyası”, “İnşaat materialları sınağı, Alternativ enerji”, “Hüceyrə patologiyası tədqiqat mərkəzi”, “Nano-texnologiyalar”, “Anatomik modellər” və digər müasir laboratoriyalar fəaliyyət göstərir.
Xəzər Universitetində mühəndislik ixtisasları xüsusilə fərqlənir. Azərbaycanda ilk dəfə Süni İntellekt Laboratoriyası məhz bu universitetdə yaradılıb və mühəndislik proqramlarında süni intellekt texnologiyalarının tətbiqinə geniş yer verilir. Bu yanaşma tələbələrin müasir texnologiyalar sahəsində yüksək keyfiyyətli mütəxəssis kimi yetişməsinə imkan yaradır".
Ülvi Babasoy universitetdə olan yeniliklərdən də danışdı:
"2026–2027-ci tədris ilinin bakalavr pilləsinə qəbul planında yeniliklərdən biri Filologiya (Çin dili və ədəbiyyatı) ixtisasının açılmasıdır. Bu proqram çərçivəsində tələbələr təhsillərinin üç ilini Xəzər Universitetində, bir ilini isə Çində davam etdirəcəklər. Bu model tələbələrə həm beynəlxalq akademik mühit, həm də dil və mədəniyyət baxımından mühüm üstünlüklər qazandıracaq.
Universitetdə bakalavr səviyyəsində müxtəlif istiqamətlər üzrə geniş ixtisas seçimi mövcuddur. Buraya “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Biologiya müəllimliyi”, “Coğrafiya müəllimliyi”, “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, “Fizika müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Kimya və biologiya müəllimliyi”, “Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi”, “Tarix müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Təsviri incəsənət müəllimliyi”, “Beynəlxalq münasibətlər”, “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)”, “Filologiya (İngilis dili və ədəbiyyatı)”, “Filologiya (Çin dili və ədəbiyyatı)”, “Politologiya”, “Psixologiya”, “Regionşünaslıq”, “Tərcümə”, “Dizayn”, “Biznesin idarə edilməsi”, “İqtisadiyyat”, “Maliyyə”, “Marketinq”, “Menecment”, “Mühasibat”, “Biotexnologiya”, “Kompüter elmləri”, “Elektrik və elektronika mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”, “İnşaat mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “Mexanika mühəndisliyi”, “Memarlıq”, “Neft-qaz mühəndisliyi”, “Radiotexnika və telekommunikasiya mühəndisliyi”, “Baytarlıq təbabəti” və “Turizm işinin təşkili” daxildir".
Müsahibimiz diqqətə çatdırdı ki, ötən il Xəzər Universitetinə qəbul olunan tələbələrin 66 faizi dövlət sifarişli, 34 faizi isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb:
"Bu göstərici universitetə yüksək bal toplayan, gələcək karyerasını beynəlxalq standartlara uyğun qurmaq istəyən abituriyentlərin etimadını göstərir.
Otuz beş illik inkişaf yolu ərzində Xəzər Universiteti müasir təhsil modeli, beynəlxalq əməkdaşlıqları, güclü professor-müəllim heyəti, elmi-tədqiqat infrastrukturu və qlobal reytinqlərdə qazandığı uğurlarla Azərbaycanın ali təhsil sistemində özünəməxsus yer tutmağa davam edir".
Aytəkin TOFİQQIZI
















