IV qrupda keçid balları necə dəyişəcək? - AÇIQLAMA
"Yalnız 400 bal toplayanların sayına əsaslanaraq keçid balları barədə qəti fikir söyləmək düzgün deyil. Dəqiq proqnoz vermək üçün Dövlət İmtahan Mərkəzinin açıqlayacağı rəsmi statistik göstəricilər bal bölgüsü, orta nəticələr, müxtəlif bal intervallarında abituriyentlərin sayı və ümumi iştirakçı statistikası mütləq nəzərə alınmalıdır".
Bu fikirləri Redaktor.az-a kodlaşdırma üzrə ekspert Aslamaz Aslamazlı IV ixtisas qrupunda rəqabət artma ehtimalından danışarkən bildirdi.
Müsahibimiz əlavə etdi ki, məsələyə daha geniş baxdıqda isə bir neçə mühüm amil ön plana çıxır:
"Birincisi, tibb ixtisaslarında rəqabəti təkcə maksimum bal toplayanlar formalaşdırmır. Əsas rəqabət adətən 600–700 bal aralığında nəticə göstərən abituriyentlər arasında gedir. Əgər bu bal intervalında keçən illərlə müqayisədə əhəmiyyətli artım olarsa, o zaman keçid ballarında müəyyən yüksəliş müşahidə oluna bilər.
İkincisi, hər il yüksək bal toplayan bütün abituriyentlər tibb ixtisasını seçmir. Onların bir qismi stomatologiya, əczaçılıq, biologiya, kimya, kənd təsərrüfatı, baytarlıq və digər IV qrup ixtisaslarına üstünlük verir. Buna görə də yüksək nəticə göstərənlərin sayının artması avtomatik olaraq tibb üzrə keçid ballarının ciddi yüksələcəyi anlamına gəlmir.
Üçüncüsü, qəbul planı da həlledici rol oynayır. Əgər bu il tibb ixtisasları üzrə plan yerlərində artım olarsa, bu, rəqabətin təsirini müəyyən qədər azalda bilər. Əksinə, plan yerləri dəyişməz qalar və yüksək bal toplayanların sayı artarsa, keçid ballarında müəyyən yüksəliş ehtimalı yaranar".

Ekspertin fikrincə, hazırkı mərhələdə “keçid balları mütləq artacaq” və ya “dəyişməyəcək” demək üçün kifayət qədər əsas yoxdur:
"Bunun üçün DİM-in rəsmi statistikası və daha sonra ixtisas seçimi mərhələsində formalaşacaq real seçim mənzərəsi gözlənilməlidir. Əziz abituriyentlər, bu günlərdə ən vacib məsələ sosial şəbəkələrdə yayılan fərziyyələrə deyil, rəsmi statistik məlumatlara əsaslanmaqdır. İxtisas seçimi düzgün strategiya tələb edən bir mərhələdir. Statistik göstəricilər açıqlandıqdan sonra həm keçid balları, həm də seçim strategiyası barədə daha dəqiq və əsaslandırılmış proqnoz vermək mümkün olacaq".
Xədicə BAXIŞLI












