Hansı ixtisaslara əmək bazarında tələbat var? - Mütəxəssisdən TÖVSİYƏ

 12:48 03.08.2026     885

"Məlum olduğu kimi, avqust ayının 10-dan sonra abituriyentlərin ixtisaslaşma mərhələsi başlanacaq. Təbii ki, abituriyentlər üçün bu, həlledici və final mərhələsi hesab olunur. Ona görə də burada dəqiq qərarlar qəbul etmək lazımdır ki, onların həm həyat, həm də karyera fəaliyyətləri bu qərardan asılıdır. Düzdür, buna bəziləri qeyri-ciddi, kor-təbii formada yanaşır: “Universitet olur-olsun, fərqi yoxdur, əsas diplom olsun”. Təəssüf ki, bu, keçərli deyil. 4 il sonra məcburiyyət qarşısında qalıb ya ixtisas dəyişməyə məcbur olurlar, əlavə təhsilə, ya da magistraturaya gedib fərqli sahədə təhsil alırlar. Bəziləri üçün də sadə bir proses kimi gəlir. Bu, əslində, sadə bir proses deyil".

Bu sözləri Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi qeyd etdi.

Müsahibimizin sözlərinə görə, ixtisas seçimi zamanı əmək bazarı araşdırılmalı və hansı ixtisaslara daha çox tələbat varsa, gələcəyin ixtisasları nədirsə, onlara üstünlük verilməlidir.

"Abituriyentlərə tövsiyəm əmək bazarında daha çox tələbat olan sahələrdir. Məsələn, 1-ci ixtisas qrupunda informasiya texnologiyaları, kibertəhlükəsizlik, kompüter elmləri və kompüter mühəndisliyi, data analitikası, kimya və qida mühəndisliyi və kənd təsərrüfatı yönümlü ixtisaslar məsləhətlidir. Bu ixtisaslara əmək bazarında daha çox tələbat var.

O cümlədən, 2-ci qrupda maliyyə, iqtisadiyyat, beynəlxalq ticarət və logistika – bu sahələrə tələbat çoxdur.

3-cü qrupda müəyyən qədər hüquq, pedaqoji ixtisaslar, tərcümə (erməni, ispan, çin, koreya dilləri) məsləhətlidir".

Mütəxəssis 4-cü ixtisas qrupunda məsləhətli olan ixtisaslardan da bəhs etdi:

"4-cü qrupda da həmişə olduğu kimi tibb, stomatologiya, hərbi həkimlik istiqaməti, o cümlədən tibb bacısı ixtisası, biotexnologiya məsləhətlidir. Psixologiyaya bir o qədər üstünlük verilmir və gələcəkdə də psixologiya süni intellekt tərəfindən sıradan çıxarılacaq ixtisaslar siyahısında olduğu üçün abituriyentlərə bir o qədər tövsiyə etmirəm. Biotexnologiya ixtisası və biologiya ixtisasının özü yaxşıdır. Yəni 4-cü qrupda bunlara üstünlük verə bilərlər.

5-ci qrupda isə əsasən idman istiqamətli ixtisasları və təsviri sənət sahələridir ki, bunlara üstünlük verə bilərlər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən