150 ballıq ixtisasların sayı niyə artırıldı? - AÇIQLAMA

 15:34 03.08.2026     928

"Keçən günlərdə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin də qeyd etdiyi kimi, I və II ixtisas qruplarında 150-200 ballıq ixtisasların siyahısı genişləndirilib. Təbii ki, burada əsas məqsəd plan yerlərinin doldurulması və ali təhsil müəssisələrində boş qalan yerlərin sayının azaldılmasıdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Səbuhi Abdullayev səsləndirdi.

"Məsələn, II ixtisas qrupunda regionşünaslıq ixtisasları III qrupa keçirildikdən sonra bəzi ixtisaslarda seçim imkanları məhdudlaşmışdı və 150-200 bal toplayan abituriyentlər həmin ixtisasları seçə bilmirdilər. Bu dəyişiklikdən sonra isə həmin ixtisaslara marağın artacağı və nəticədə boş qalan plan yerlərinin sayının azalacağı gözlənilir", - deyə o bildirdi.

S.Abdullayevin sözlərinə görə, I ixtisas qrupunun Rİ altqrupunda informasiya və kommunikasiya yönümlü ixtisasların 150 ballıq ixtisaslar siyahısına daxil edilməsi də bu sahələr üzrə seçim imkanlarını genişləndirir:

"Təbii ki, bu, həm ali təhsil müəssisələrinə qəbul olunanların sayının artmasına, həm də plan yerlərinin daha dolğun şəkildə tamamlanmasına şərait yaradacaq. Əsas məqsəd də məhz hər iki istiqamət üzrə balansın qorunmasıdır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən