150 balla universitetə qəbul asanlaşır: Nələr dəyişəcək? - AÇIQLAMA
"Dövlət İmtahan Mərkəzinin (DİM) 1-ci və 2-ci ixtisas qruplarında 150 bal toplayan abituriyentlərin seçim edə biləcəyi ixtisasların sayını artırması ali təhsil mühitində geniş müzakirələrə səbəb olub. Bu qərarı bəziləri ali təhsilə çıxış imkanlarının genişləndirilməsi kimi qiymətləndirir, digərləri isə ali təhsilin keyfiyyətinə təsir göstərə biləcəyini düşünür. Əslində isə məsələyə emosional deyil, strateji və faktlara əsaslanan yanaşmaq daha məqsədəuyğundur".
Bu sözləri Redaktor.az-a açıqlamasında Bakı şəhəri Suraxanı rayonu V. Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini, məktəb idarəetməsi sahəsində 3 kitabın müəllifi və təlimçi, "Azərbaycan Təhsili" maarifləndirici sosial platformasının rəhbəri Aqşin Kazımov bildirdi.
Onun sözlərinə görə, ali təhsilin əsas məqsədi yalnız yüksək bal toplayan gəncləri universitetə qəbul etmək deyil, eyni zamanda ölkənin əmək bazarının tələbatını ödəyəcək insan kapitalını formalaşdırmaqdır:
"Azərbaycanın bəzi ali təhsil müəssisələrində və xüsusilə müəyyən ixtisaslarda illərdir plan yerlərinin tam dolmaması müşahidə olunur. Bu baxımdan seçim imkanlarının artırılması boş qalan yerlərin səmərəli istifadəsinə və ali təhsilin əlçatanlığının genişlənməsinə xidmət edə bilər.
Digər tərəfdən, 150 bal minimal keçid həddi hesab olunur və bu bal yüksək akademik hazırlığın göstəricisi kimi qəbul edilmir. Məhz buna görə də ictimaiyyətdə narahatlıq yaranır. Əgər qəbul tələbləri yumşaldılırsa, universitetlərdə tədrisin keyfiyyəti, akademik nəzarət və tələbələrin inkişafı daha da gücləndirilməlidir. Əks halda, aşağı hazırlıq səviyyəsi ilə qəbul olunan tələbələrin məzun olduqdan sonra əmək bazarında rəqabət qabiliyyətinin zəifləməsi mümkündür".
Müsahibimizin fikrincə, bu yeniliyin 2026-cı il qəbul prosesində bir neçə nəticəsi ola bilər:

"İlk növbədə, daha çox abituriyent ali təhsil almaq şansı əldə edəcək. Bəzi region universitetlərində və əvvəlki illərdə az seçilən ixtisaslarda plan yerlərinin dolma ehtimalı yüksələcək. Eyni zamanda, seçim imkanlarının genişlənməsi nəticəsində bəzi ixtisaslar üzrə rəqabət nisbətən dəyişə bilər. Lakin burada əsas məsələ qəbul həddinin özü deyil, ali təhsilin sonrakı mərhələləridir. Universitetə daxil olmaq uğurun başlanğıcıdır, zəmanəti deyil. Əsas göstərici tələbənin universitetdə qazandığı bilik, bacarıq, peşə səriştəsi və əmək bazarına hazırlıq səviyyəsidir. Güclü akademik mühit, obyektiv qiymətləndirmə və praktik yönümlü təhsil olmadan təkcə qəbul imkanlarının artırılması gözlənilən nəticəni verməyəcək".
Aqşin Kazımov hesab edir ki, ixtisas saylarının artırılması müəyyən mənada zəruri idi:
"Çünki hər bir gəncin ali təhsil almaq imkanı genişlənməli, eyni zamanda peşə seçimi daha çevik olmalıdır. Lakin bu addım yalnız keyfiyyətin qorunması ilə müşayiət olunduğu halda uğurlu hesab edilə bilər. Əks halda, problem qəbul mərhələsindən universitet auditoriyalarına və daha sonra əmək bazarına daşına bilər.
Nəticə etibarilə, DİM-in bu qərarı nə tam müsbət, nə də tam mənfi qiymətləndirilməlidir. Bu, ali təhsil sistemində əlçatanlığı artırmağa yönəlmiş bir addımdır. Onun real nəticəsi isə universitetlərin tədris keyfiyyətindən, tələbələrə yaradılan akademik mühitdən və məzunların əmək bazarında göstərdikləri uğurdan asılı olacaq. Təhsil siyasətində əsas prinsip yalnız daha çox tələbə qəbul etmək deyil, daha keyfiyyətli məzun yetişdirmək olmalıdır".
Aytəkin TOFİQQIZI












