Ekspert valideynlərə çağırış etdi: Uşaqları yay tətilində yormayın
Yeni dərs ilinin başlamasına hələ bir aydan çox vaxt var. Buna baxmayaraq, çox vaxt valideynlər avqust ayındandan etibarən uşaqları repetitor yanına göndərməyə başlayırlar.
Bəs yay tətili bitmədən uşaqları məktəb rejiminə keçirmək nə dərəcədə düzgündür?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, ev tapşırığı ilə bağlı məsələ vaxtaşırı gündəmə gəlir:
"Yeni təhsil standartları fonunda artıq bəzi məlumatlı valideynlər tətil müddətində verilən tapşırıqlara etiraz edirlər. Digər tərəfdən, elə valideynlər də var ki, əksinə, ev tapşırığının verilməməsindən narazıdırlar. Yəni valideynlər bu məsələdə fərqli mövqelərə bölünüblər. Xüsusilə yaşı 50-dən yuxarı olan valideynlər sovet dövrünün ənənəvi təhsil sistemində formalaşmış yanaşmanı müdafiə edirlər. Həmin dövrdə hətta bir həftəlik yaz və payız tətillərində belə şagirdlərə çoxlu ev tapşırıqları verilirdi. Lakin hazırkı qaydalara əsasən həm yeni nəsil müəllimlər, həm də yeni nəsil valideynlər ev tapşırığının uşaqların tətilinə təsadüf etməsini düzgün hesab etmirlər".
Müsahibimiz qeyd etdi ki, digər problem bəzi valideynlərin uşaqlarını erkən yaşlardan repetitor hazırlığına yönləndirməsidir:
"Onlar övladlarının gələcəyi ilə bağlı böyük gözləntilər formalaşdırır, hətta bəzən uşağa seçim imkanı belə vermirlər. Bu səbəbdən hesab edirəm ki, ev tapşırığı ilə bağlı məsələ valideynlər və müəllimlər arasında qarşılıqlı razılıq əsasında müzakirə olunmalı, bu mövzu pərakəndə şəkildə deyil, ümumi yanaşma əsasında həll edilməlidir. Repetitor hazırlığı məsələsində də valideynlər uşaqlara heç olmasa yay tətili müddətində istirahət etmək imkanı verməlidirlər. Uşaq yeni tədris ilinə dincəlmiş və psixoloji cəhətdən hazır vəziyyətdə başlamalıdır. Təəssüf ki, bəzi hallarda repetitorlar da valideynləri inandırmağa çalışırlar ki, hazırlığa məhz tətil dövründən başlamaq lazımdır. Nəticədə isə yeni dərs ili başlayanda həmin uşaqlar artıq yorğun olur, dərsə maraqları və davamiyyətləri də zəifləyir. Düşünürəm ki, bu məsələdə psixoloqların rəyi də mütləq nəzərə alınmalıdır. Valideyn-məktəb-şagird münasibətləri elə qurulmalıdır ki, sağlam müzakirə mühiti formalaşsın və qəbul olunan qərarlar uşaqların inkişafına müsbət təsir göstərsin".
Xədicə BAXIŞLI












