Peşə təhsilinə maraq niyə azdır? - Səbəblər və çıxış yolları
Hazırda peşə təhsilinə maraq kifayət qədər yüksək deyil. Bir çox insanlar peşə təhsilini əhəmiyyətsiz hesab edir və gələcək karyera üçün yetərli imkan yaratmadığını düşünürlər.
Peşə təhsilinə marağı artırmaq üçün hansı addımlar atıla bilər?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Vasif Qafarov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, müasir dövrdə əmək bazarında baş verən sürətli dəyişikliklər peşə təhsilinin əhəmiyyətini getdikcə artırır.
Onun sözlərinə görə, rəqəmsallaşma, yeni texnologiyaların tətbiqi, sənaye və xidmət sektorlarının genişlənməsi, eləcə də yeni peşə və ixtisasların meydana çıxması praktiki bacarıqlara malik kadrlara tələbatı yüksəldir:
"Bununla belə, cəmiyyətdə peşə təhsilinə maraq hələ də arzuolunan səviyyədə deyil. Bir çox ailə və məktəbli peşə təhsilini ali təhsilə alternativ və ya daha aşağı səviyyəli seçim kimi qəbul edir. Bu yanaşma peşə təhsilinin real imkanlarının tam qiymətləndirilməsinə mane olur və nəticədə əmək bazarında tələbat olan bir sıra ixtisaslar üzrə kadr çatışmazlığı yaranır.
Peşə təhsilinə marağın aşağı olmasının əsas səbəblərindən biri cəmiyyətdə uzun illər ərzində formalaşmış stereotiplərdir. Bir çox ailələrdə uğurlu gələcəyin əsas şərti universitet təhsili hesab olunur, peşə təhsili isə daha çox ali məktəbə qəbul ola bilməyən və ya akademik göstəriciləri aşağı olan gənclərin seçimi kimi təqdim edilir. Halbuki müasir peşə təhsili əvvəlki təsəvvürlərdən ciddi şəkildə fərqlənir. Bu sistem artıq yalnız ənənəvi peşələrin öyrədilməsi ilə məhdudlaşmır. İT, robototexnika, avtomatika, elektronika, mekatronika, logistika, alternativ enerji, avtomobil texnologiyaları, 3D modelləşdirmə, kənd təsərrüfatı texnologiyaları və digər müasir istiqamətlər peşə təhsilinin mühüm hissəsinə çevrilə bilər. Bu səbəbdən əsas vəzifələrdən biri peşə təhsilinin cəmiyyətdəki imicinin dəyişdirilməsi və onun müasir, nüfuzlu və perspektivli karyera yolu kimi təqdim edilməsidir".
Millət vəkilinin fikrincə, bu istiqamətdə ən vacib addımlardan biri peşə təhsilinin məktəbdən başlayaraq tanıdılmasıdır:

"Şagirdin yalnız 9-cu və ya 11-ci sinifdə peşə seçimi etməsini gözləmək əvəzinə, orta məktəblərdə erkən yaşlardan karyera yönləndirməsi həyata keçirilməlidir. Şagirdlər müxtəlif peşələr barədə yalnız nəzəri məlumat almamalı, həmin peşələrin real iş prosesini görmək və sınaqdan keçirmək imkanına malik olmalıdırlar. Bunun üçün məktəblərdə mütəmadi olaraq peşə tanıtım günlərinin, “Peşələr həftəsi”nin, praktiki master-klassların və müxtəlif müəssisələrə ekskursiyaların keçirilməsi məqsədəuyğun olardı. Müxtəlif şirkətlərin, peşə təhsili müəssisələrinin və həmin sahədə çalışan mütəxəssislərin məktəblərə dəvət olunması şagirdlərə peşələrin mahiyyətini daha yaxından öyrənmək imkanı verə bilər.
Məktəblilərin peşə seçiminə cəlb edilməsində “peşəni özün sına” modeli xüsusilə effektiv ola bilər. Peşə təhsili müəssisələrində məktəblilər üçün həftəsonları və ya tətil günlərində qısamüddətli praktiki proqramlar təşkil edilərək onların müxtəlif peşələri sınaqdan keçirməsinə şərait yaradılmalıdır. Məsələn, şagird robototexnika laboratoriyasında sadə robot hazırlaya, 3D printerdən istifadə edə, avtomobil texnologiyaları üzrə ilkin diaqnostika apara, elektron avadanlıq quraşdıra və ya kulinariya üzrə praktiki məşğələdə iştirak edə bilər. Bu cür təcrübə şagirdin peşəyə münasibətini dəyişməklə yanaşı, onun öz bacarıqlarını və maraqlarını daha düzgün qiymətləndirməsinə imkan verər.
Peşə təhsilinin cəlbediciliyinin artırılması üçün təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması da vacibdir. Müasir laboratoriyalar, emalatxanalar, texnologiya mərkəzləri, innovasiya və startap məkanları yaradılmalı, tədrisdə real istehsalat proseslərini simulyasiya edən avadanlıqlardan istifadə genişləndirilməlidir. Gənc peşə təhsili müəssisəsinə daxil olduqda burada müasir texnologiyalarla qarşılaşmalı və seçdiyi ixtisasın gələcəyini real şəkildə görə bilməlidir. Peşə təhsilinin imicinin dəyişdirilməsi üçün yalnız təbliğat kifayət etmir; bu təhsilin keyfiyyəti və mühiti də gənclərin gözləntilərinə cavab verməlidir".
Müsahibimiz vurğuladı ki, peşə təhsili ilə əmək bazarı arasında daha sıx və sistemli əlaqə yaradılmalıdır:
"Şagird peşə təhsilini seçərkən həmin ixtisası bitirdikdən sonra harada işləyə biləcəyini və hansı karyera imkanlarına malik olacağını bilməlidir. Bu baxımdan dual təhsil modelinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Şagirdin vaxtının bir hissəsini təhsil müəssisəsində, digər hissəsini isə real iş mühitində keçirməsi onun həm nəzəri biliklərə, həm də praktiki bacarıqlara yiyələnməsinə imkan yaradır. İşəgötürənlərin tədris proqramlarının hazırlanmasına cəlb edilməsi, müəssisələrdə təcrübə yerlərinin artırılması və peşə təhsili məzunlarının işə qəbuluna marağın stimullaşdırılması da mühüm nəticələr verə bilər.
Bununla yanaşı, hər bir peşə üzrə şagirdlərə aydın karyera perspektivi təqdim edilməlidir. Gənc seçdiyi ixtisasın yalnız bir peşə deyil, gələcəkdə inkişaf edə biləcəyi karyera istiqaməti olduğunu bilməlidir. Məsələn, elektrik ixtisasını seçən şəxs gələcəkdə texnik, ixtisaslaşmış mütəxəssis, layihə rəhbəri və ya sahibkar ola bilər. Eyni zamanda peşə təhsili ilə ali təhsil arasında mümkün keçid imkanlarının genişləndirilməsi və bu imkanların şagirdlərə aydın izah edilməsi də peşə təhsilinin nüfuzunu artırar. Beləliklə, peşə təhsili gənc üçün son seçim deyil, davamlı inkişaf və karyera qurmaq üçün başlanğıc mərhələsi kimi qəbul edilə bilər.
Peşə təhsilinin nüfuzunun yüksəldilməsi üçün uğurlu məzunların təcrübəsindən də daha geniş istifadə edilməlidir. Peşə təhsili alaraq uğurlu karyera quran, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və öz sahəsində yüksək nəticələr əldə edən gənclərin həyat hekayələri sosial şəbəkələrdə, televiziya və digər media vasitələrində təqdim oluna bilər. Məqsəd peşə təhsilini sadəcə reklam etmək deyil, bu təhsilin real həyatda hansı nəticələr verdiyini göstərməkdir. Gənc bir insan öz həmyaşıdının peşə təhsili alaraq uğurlu biznes qurduğunu və ya yüksək ixtisaslı mütəxəssisə çevrildiyini gördükdə onun həmin istiqamətə marağı daha da arta bilər".
Deputat bildirdi ki, məktəblilər arasında müxtəlif peşə müsabiqələrinin və yarışların keçirilməsi də bu baxımdan faydalıdır:
"Robototexnika, proqramlaşdırma, elektronika, kulinariya, dizayn, avtomobil texnologiyaları, kənd təsərrüfatı texnologiyaları və digər sahələr üzrə yarışların təşkili şagirdlərin praktiki bacarıqlara marağını artıra bilər. Belə müsabiqələrin qaliblərinin təqaüd, təcrübə proqramı, texniki avadanlıq və digər imkanlarla mükafatlandırılması isə iştirakçılığı daha da stimullaşdırar. Peşə bacarıqlarının da intellektual və yaradıcı fəaliyyət kimi təqdim olunması cəmiyyətdəki stereotiplərin dəyişməsinə kömək edə bilər.
Peşə təhsilinin sahibkarlıqla əlaqələndirilməsi də mühüm istiqamətlərdən biridir. Gənclərə yalnız peşə öyrətmək deyil, həmin peşə əsasında öz gəlirlərini formalaşdırmaq və biznes qurmaq imkanları da göstərilməlidir. Məsələn, dərzi ixtisası üzrə təhsil alan gəncə yalnız geyim tikmək bacarığı deyil, öz brendini yaratmaq, rəqəmsal platformalarda satış aparmaq, müştəri bazası formalaşdırmaq və biznes plan hazırlamaq kimi bacarıqlar da öyrədilə bilər. Eyni yanaşma avtomobil xidməti, aşpazlıq, gözəllik sənayesi, İT, kənd təsərrüfatı və digər sahələrə də tətbiq edilə bilər.
Bu prosesdə valideynlərin maarifləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki məktəblinin peşə seçiminə valideynin münasibəti çox vaxt həlledici rol oynayır. Valideynlərə müasir peşələrin əmək bazarındakı rolu, iş imkanları, gəlir perspektivləri və karyera inkişafı barədə real məlumatlar təqdim edilməlidir. Peşə təhsilinin “universitetə qəbul ola bilməyənlərin yolu” kimi təqdim edilməsindən imtina edilməli və əsas diqqət gəncin bacarıq və maraqlarına uyğun karyera seçiminə yönəldilməlidir".
Həmsöhbətimiz diqqətə çatdırdı ki, peşə təhsilinə marağın artırılması üçün rəqəmsal imkanlardan da geniş istifadə etmək mümkündür:
"Peşələr haqqında məlumatların, video təqdimatların, əmək bazarında tələbatın, təhsil müəssisələrinin, qəbul qaydalarının, təcrübə proqramlarının və karyera imkanlarının vahid rəqəmsal platformada təqdim edilməsi şagirdlər üçün seçim prosesini asanlaşdıra bilər. Həmin platformada şagirdin maraq və bacarıqlarını müəyyənləşdirən testlərin yerləşdirilməsi və nəticələr əsasında ona uyğun peşə istiqamətlərinin tövsiyə olunması da faydalı olardı.
Ümumilikdə qeyd edilməlidir ki, peşə təhsilinə marağın artırılması yalnız qəbul yerlərinin artırılması və ya məlumatlandırma kampaniyalarının keçirilməsi ilə məhdudlaşmamalıdır. Burada kompleks yanaşmaya ehtiyac var. Məktəb–peşə təhsili müəssisəsi–işəgötürən əlaqəsi gücləndirilməli, şagirdlərə peşələri erkən yaşlardan tanımaq və sınaqdan keçirmək imkanı verilməli, peşə təhsili müəssisələrinin maddi-texniki bazası yenilənməli, dual təhsil genişləndirilməli, uğurlu məzunların nümunələri təbliğ olunmalı, peşə bacarıqları müsabiqə və layihələrlə stimullaşdırılmalı, peşə təhsili sahibkarlıq və karyera imkanları ilə əlaqələndirilməlidir.
Ən əsası isə cəmiyyətin peşə təhsilinə baxışı dəyişməlidir. Peşə təhsili universitetə qəbul ola bilməyənlərin seçimi deyil, insanın öz bacarığına uyğun peşə qazanması, əmək bazarında tələb olunan mütəxəssisə çevrilməsi, gəlir əldə etməsi və hətta öz biznesini qurması üçün real imkan yaradan müasir təhsil modelidir. Bu yanaşma formalaşdırılarsa, peşə təhsili həm gənclərin məşğulluğunun artırılmasına, həm əmək bazarının ixtisaslı kadrlara olan tələbatının ödənilməsinə, həm də ölkənin iqtisadi inkişafı və insan kapitalının gücləndirilməsinə mühüm töhfə verə bilər".
Azərbaycan Dillər Universitettinin (ADU) professoru, filologiya elmləri doktoru Vüsalə Ağabəyli isə səsləndirdi ki, son illər peşə təhsilinin inkişafı istiqamətində mühüm addımlar atılsa da, cəmiyyətdə bu sahəyə münasibət hələ də tam dəyişməyib:
"Təəssüf ki, uzun illər formalaşmış bir stereotip mövcuddur: peşə təhsili yalnız ali məktəbə qəbul ola bilməyənlər üçün alternativdir. Halbuki müasir dünyanın əmək bazarı tamamilə fərqli reallıq diktə edir. Bu gün bir çox ölkələrdə yüksək ixtisaslı peşə mütəxəssisləri həm əmək bazarında daha çox tələb görür, həm də kifayət qədər yüksək gəlir əldə edirlər.
Mən hesab edirəm ki, peşə təhsilinə marağı artırmaq üçün ilk növbədə onun ictimai imici dəyişdirilməlidir. İnsanlar peşə təhsilini "ikinci seçim" kimi deyil, uğurlu karyeraya aparan alternativ və perspektivli təhsil yolu kimi qəbul etməlidirlər. Bunun üçün media, sosial şəbəkələr və təhsil müəssisələri peşə məktəblərini bitirərək uğur qazanmış insanların həyat hekayələrini daha çox ictimailəşdirməlidirlər. Gənclər real nümunələri gördükdə bu sahəyə münasibət də dəyişəcək".
Onun sözlərinə görə, digər mühüm məsələ məktəblərdə peşəyönümü işinin gücləndirilməsidir:

"Hazırda bir çox şagird gələcək peşəsini seçərkən əmək bazarının tələbləri barədə kifayət qədər məlumatlı olmur. Orta məktəblərdə mütəmadi peşə yönümlü seminarlar, ustad dərsləri, müəssisələrə ekskursiyalar təşkil edilməli, müxtəlif peşə sahələrinin nümayəndələri şagirdlərlə görüşərək öz təcrübələrini bölüşməlidirlər. Şagird peşəni kitablardan deyil, real iş mühitində tanımalıdır.
Peşə məktəbləri ilə özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Əgər gənc bilirsə ki, təhsil aldığı müddətdə istehsalat təcrübəsi keçəcək və məzun olduqdan sonra işlə təmin olunmaq imkanı yüksəkdir, bu, onun seçimində ciddi motivasiya yaradır. Təhsil proqramları da əmək bazarının dəyişən tələblərinə uyğun olaraq daim yenilənməlidir. Süni intellekt, rəqəmsal texnologiyalar, robototexnika, yaşıl enerji, xidmət sektoru və digər müasir istiqamətlər üzrə yeni peşələrin tədrisə daxil edilməsi bu sahəyə marağı artıracaq".
Vüsalə Ağabəyli hesab edir ki, peşə təhsili haqqında maarifləndirmə yalnız şagirdlərlə məhdudlaşmamalıdır:
"Valideynlərin də bu sahəyə baxışı dəyişməlidir. Çünki bir çox hallarda övladın seçimində əsas təsir göstərən məhz valideyn olur. Onlara izah edilməlidir ki, əsas məqsəd yalnız diplom almaq deyil, əmək bazarında rəqabətqabiliyyətli, peşəkar və gələcəkdə özünü təmin edə bilən mütəxəssis yetişdirməkdir. Bəzən insanlar düşünür ki, ali təhsilli şəxslər işsiz qalıb, iş tapa bilmir. Peşə məktəbini bitirən nə edəcək? Halbuki hal-hazırda cəmiyyətin peşə istiqamətli mütəxəssislərə ehtiyacı çoxdur.
Məncə, gələcəyin təhsil sistemi müxtəlif təhsil yollarının qarşıdurması üzərində deyil, onların bir-birini tamamlaması prinsipi üzərində qurulmalıdır. Ali təhsil də, peşə təhsili də cəmiyyət üçün eyni dərəcədə vacibdir. Əsas məsələ gəncin marağına, bacarığına və əmək bazarının tələblərinə uyğun düzgün istiqamətləndirilməsidir. Peşə təhsilinə marağı artırmağın ən effektiv yolu isə onu nüfuzlu, müasir, innovativ və real karyera imkanları təqdim edən bir təhsil modeli kimi cəmiyyətə təqdim etməkdir".
Aytəkin TOFİQQIZI
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.













