"Bağçalarda kameraların quraşdırılması bütün problemləri həll etməyəcək" - AÇIQLAMA
"Dövlət dəstəyi alan özəl bağçalarda müşahidə kameraları məcburi olacağı məsələsi cəmiyyətdə müxtəlif fikirlər doğursa da, hesab edirəm ki, məsələyə yalnız nəzarət prizmasından deyil, uşaqların təhlükəsizliyi, təhsilin keyfiyyəti və ictimai etimad baxımından yanaşmaq lazımdır".
Bu fikri Redaktor.az-a açıqlamasında Bakı şəhəri Suraxanı rayonu V. Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini, məktəb idarəetməsi sahəsində 3 kitabın müəllifi və təlimçi, "Azərbaycan Təhsili" maarifləndirici sosial platformasının rəhbəri Aqşin Kazımov bildirdi.
"Məktəbəqədər təhsil uşağın şəxsiyyətinin formalaşdığı, psixoloji və sosial inkişafının təməl mərhələsidir. Valideyn övladını bağçaya etibar edərkən ilk növbədə onun təhlükəsizliyinə, sağlamlığına və düzgün qayğı göstəriləcəyinə inanmaq istəyir. Son illər bəzi bağçalarda uşaqlara qarşı kobud rəftar, zorakılıq və etik normaların pozulması ilə bağlı yayılan görüntülər göstərdi ki, nəzarət mexanizmlərinin gücləndirilməsi zəruridir.
Bu baxımdan müşahidə kameralarının quraşdırılması müsbət addım kimi qiymətləndirilə bilər. Kameralar təkcə neqativ halların aşkar edilməsinə deyil, onların baş verməsinin qarşısının alınmasına da təsir göstərir. İnsan davranışında "müşahidə olunduğunu bilmək" məsuliyyət hissini artıran amillərdən biridir. Bu, həm müəssisə rəhbərləri, həm də əməkdaşlar üçün əlavə peşəkar məsuliyyət yaradır".
Müsahibimizin fikrincə, təkcə kameraların quraşdırılması bütün problemləri həll etməyəcək:

"Kamera hadisəni qeydə ala bilər, amma onu əvvəlcədən tərbiyə etmir. Əgər bağçada peşəkar kadr seçimi düzgün aparılmırsa, əməkdaşlar etik davranış qaydaları üzrə mütəmadi təlim almırlarsa, rəhbərlik daxili nəzarəti lazımi səviyyədə təşkil etmirsə, kamera yalnız baş vermiş hadisənin sübutuna çevriləcək.
Müşahidə kameraları effektiv nəticə verməsi üçün aşağıdakı amillərlə birlikdə tətbiq edilməlidir, peşəkar və şəffaf kadr seçimi, əməkdaşların etik davranış və uşaq hüquqları üzrə davamlı təlimi, müntəzəm daxili monitorinq və qiymətləndirmə, valideynlərlə açıq və etibarlı kommunikasiya, uşaqların hüquqlarının qorunmasına yönəlmiş ciddi idarəetmə sistemi.
Digər vacib məqam isə şəxsi məlumatların qorunmasıdır. Kameralardan istifadə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməli, görüntülərə giriş hüququ yalnız səlahiyyətli şəxslərlə məhdudlaşdırılmalı və uşaqların məxfiliyi tam təmin edilməlidir. Nəzarət təhlükəsizliyi artırmalı, şəxsi həyatın toxunulmazlığını pozmamalıdır".
A.Kazımov hesab edir ki, dövlət maliyyə dəstəyi alan özəl bağçalar üçün belə bir tələbin qoyulması ictimai vəsaitdən istifadədə şəffaflığın və hesabatlılığın artırılmasına da xidmət edir:
"Dövlət dəstəyi alan hər bir müəssisə daha yüksək məsuliyyət və keyfiyyət standartlarına cavab verməlidir. Nəticə etibarilə, müşahidə kameralarının məcburi olması bağçalarda baş verən neqativ halların azalmasına müsbət təsir göstərə bilər. Lakin bunun real nəticə verməsi yalnız kameraların mövcudluğundan deyil, peşəkar idarəetmədən, düzgün kadr siyasətindən, etik dəyərlərin formalaşdırılmasından və effektiv nəzarət mexanizmlərinin qurulmasından asılı olacaq. Təhsil sistemində ən güclü nəzarət vasitəsi kamera deyil, peşəkar rəhbərlik, vicdanlı pedaqoq və sağlam idarəetmə mədəniyyətidir.
Uşaqların təhlükəsizliyi kompromis mövzusu deyil. Bu sahədə atılan hər bir addımın əsas məqsədi cəza vermək yox, təhlükəsiz, etibarlı və keyfiyyətli məktəbəqədər təhsil mühiti yaratmaq olmalıdır".
Aytəkin TOFİQQIZI












