"Müşahidə kameraları valideynin etibarını gücləndirir" - Pedaqoqdan yeni sistemə DƏSTƏK
"Mən ümumiyyətlə müşahidə kameralarının məcburi olmasını müsbət addım kimi dəyərləndirirəm. Xüsusilə də dövlət dəstəyi alan özəl bağçalarda. Çünki burada söhbət təkcə idarəetmədən getmir. Söhbət uşağın təhlükəsizliyindən və valideynin həmin müəssisəyə övladını etibar etməsindən gedir".
Bu fikirləri Redaktor.az-a dövlət dəstəyi alan özəl bağçalarda müşahidə kameralarının məcburi olması haqqında danışan pedaqoq, Valideyn Məktəbinin təsisçisi, "Green Start Academy" Təlim və İnkişaf Mərkəzinin rəhbəri Aysel Rəsulzadə dedi.
Onun sözlərinə görə, məktəbəqədər yaş dövrü uşağın ən həssas inkişaf mərhələlərindən biridir:
"Valideyn övladını bağçaya etibar edərkən mütləq onun hər baxımdan təhlükəsizliyinə əmin olmaq istəyir. Buna görə də müşahidə kameraları həm uşağın hüquqlarının qorunması, həm də valideynin rahatlığı baxımından vacib vasitələrdən biridir. Mübahisəli hallar da ola bilər. Son dövrlərdə belə neqativ halların şahidi olmuşuq. Belə vəziyyətlərdə valideyn hadisəni bir cür izah edir, müəllim isə başqa cür. Bu zaman kamera görüntüləri vəziyyətin obyektiv qiymətləndirilməsinə kömək edir. Bundan da önəmlisi, dediyim kimi, valideynin özünü rahat hiss etməsidir. Valideyn əmin olur ki, onun övladı təhlükəsiz mühitdədir, müəssisədə şəffaflıq var və uşağa peşəkar, eyni zamanda sevgi dolu münasibət göstərilir. Buna görə də hesab edirəm ki, kamera sisteminin düzgün tətbiqi təhlükəsizlik və şəffaflıq baxımından müsbət addımdır"
Müsahibimiz əlavə etdi ki, dünya təcrübəsində də müşahidə kameralarından istifadə bir çox ölkələrdə geniş şəkildə tətbiq olunur:
"Bu sistem həm məktəbəqədər təhsil müəssisələrində, həm xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyən mərkəzlərdə, həm də reabilitasiya və inkişaf mərkəzlərində istifadə edilir. Burada bir önəmli məqam da var. Kameraların məqsədi valideynin bütün prosesi canlı izləməsinə şərait yaratmaq deyil. Məqsəd təhlükəsizliyi və xidmət keyfiyyətini müəyyən müddət ərzində nəzarətdə saxlamaqdır. Bu baxımdan valideynə ehtiyac yarandıqda görüntülərlə tanış olmaq imkanı verilməlidir. Məsələn, əgər valideyn hər dəqiqə uşağını izləyirsə, bəzən özü də fərqinə varmadan uşağın müstəqillik prosesinə mane ola bilər. Ümumilikdə isə valideynin övladının təhlükəsizliyinə əmin olmaq hüququ var. Bu baxımdan kamera sistemi valideynin narahatlığını azaltmağa xidmət edən faydalı vasitə hesab olunur".
NURİYYƏ












