"İxtisas seçimi vaxtı göbələk kimi ortaya çıxırlar" - Ekspert "TikTok"dakı "mütəxəssis"lərdən DANIŞDI

 10:58 06.08.2026     570

"İxtisas seçimi ərəfələrində özlərini təhsil eksperti, təhsil mütəxəssisi və yaxud da ixtisas seçimi üzrə peşəkar kimi təqdim edərək gecə saatlarına qədər "TikTok"da canlı yayımlar açanlar var. Əksəriyyəti də bu sahə üzrə müştəri toplamaq məqsədilə bu işi görürlər".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev qeyd etdi.

"Bəziləri repetitor müəllim olduqları üçün yayda pul qazanmaq imkanları yoxdur və bu yoldan istifadə etməyə çalışırlar. Bəziləri heç bu sahədən məlumatlı deyillər, bəziləri isə məlumatlıdırlar, onlara heç nə demirik. Valideyn zəng edir, soruşur ki, övladım bu balla Sumqayıt Dövlət Universitetində bu ixtisasa daxil ola bilərmi? Şəxs keçən ilin keçid balına baxıb deyir ki, ola bilər. Bu, çox gülməlidir. Keçən ilin balı ilə necə qərar verə bilərsiniz? Bəlkə o bal bu il qalxacaq. Məsələn, tibb ixtisası soruşulur, keçən ilin balına baxıb deyir ki, qəbul ola bilərsiniz. Keçən ilki balla bu ilki ballar arasında tibbdə bəlkə də böyük fərq olacaq. Statistika çıxmadan bunu necə deyə bilirlər? Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə qeyd etdi ki, 4 qrupda 1000 nəfər 600 baldan yuxarı nəticə göstərib".

Müsahibimiz vurğuladı ki, belələrinə inanan həm abituriyentlər, həm də valideynlər var:

"Düzdür, valideynləri də qınamıram, onlar narahatdırlar. Amma çox təəssüflər olsun ki, belə insanlar da valideynlərin həssas damarlarından tutub onları tora salmağa çalışırlar. Seçim düzgün olmayanda isə zərər görən abituriyent və valideyn olur. İxtisas seçimi çox həssas bir məsələdir. 400 bal toplayan bir uşağı hər kəs seçim yazıb tələbə edə bilər. Amma məsələ burada 400 bal toplayan tələbəni 400 ballıq ixtisasa yerləşdirməkdir. Gətirib 200 ballıq ixtisasa yerləşdirmək deyil. Əsas məsələ ixtisas seçimində budur: uşağın topladığı balı zay etməmək. Onun topladığı bala uyğun olaraq universitetə və ixtisasa yerləşdirmək vacib amildir. Yoxsa uşağın 400-450 balı var, sən deyirsən ki, qəbul olacaqsan, 300 ballıq yer yaz. Əlbəttə, qəbul olacaq. Təəssüflər olsun ki, bəziləri bu şəkildə insanları aldadır və onların həssas nöqtələrindən istifadə edirlər.

Öz qulağımla eşitmişəm, valideyn deyir ki: "Mənim uşağım keçən il subbakalavr kimi Lənkəran Dövlət Universitetinə qəbul olub. Biz onu istəyirik Bakıya transfer edək. Bu mümkün ola bilərmi?" Qarşı tərəf ixtisası soruşur. Sonra deyir: "Yox, onu Bakıya edə bilmərik, amma Gəncəyə transfer edərik". Şəxs başa düşmür ki, subbakalavrların transferinə icazə verilmir. Subbakalavrlar yalnız öz universitetləri və öz ixtisasları daxilində əyani təhsildən qiyabi təhsilə keçid edə bilərlər. Yəni onların başqa universitetə, başqa ixtisasa transferinə icazə yoxdur. Bu adam bunu belə bilmir. Dediklərim qısa bir müddətdə rast gəldiklərimdir. İndi baxın görün, hər gün minlərlə belə insanlar var ki, "biz seçim edirik" deyirlər. Seçim edin, pulunuzu qazanın, sözümüz yoxdur. Amma vacib olan odur ki, insanları aldatmayın, çaşdırmayın. Çünki insanları düzgün istiqamətləndirmək lazımdır. Düzgün istiqamətləndirməyi bacarırsınızsa, əlbəttə, ölkədə kifayət qədər mütəxəssislər var, bu işi görə biləcək insanlar var. Yəni bizim onlarla işimiz yoxdur".

Eksperti bildirdi ki, "TikTok"da xüsusilə gecə saatlarına qədər insanlar canlı yayımlar açır:

"Adam gecə saatlarına qədər oturur, bu, məqsədli insandır. Pul qazanmaq, oradan müştəri toplamaq məqsədi var. Valideynlər də belə insanlara, çox təəssüflər olsun ki, inanırlar. Valideyn təbii ki, verilən cavabın doğru olub-olmadığını bilmir. Amma biz onu bilirik. Mən həmin insanın ağzını açdığı an bilirəm ki, yalan danışır, ya düz danışır. Çox təəssüflər olsun ki, cəmiyyətimiz hələ də belə insanlara inanır və gecə saatlarına qədər onlarla həmsöhbət olur. Adama baxırsan, canlı yayım açıb, 400-500 nəfər insan onu izləyir. Bu, həqiqətən də dəhşətlidir. Bu kimi insanlar təhsil sahəsində tanınmayan, ilboyu görünməyən şəxslərdir. Sadəcə ixtisas seçimi ərəfəsində göbələk kimi ortaya çıxır və cəmiyyəti çaşdırırlar. Düzgün iş görsələr, deyərsən ki, düzgün iş görürlər. Həqiqətən də canlı yayımlar açıb insanları düzgün məlumatlandıranlar var, onlarla bağlı heç bir problem yoxdur. Məsələ insanları səhv cavablandırıb aldadanlardadır. Özünü mütəxəssis kimi təqdim edənlərin cavablarına baxanda insanın gülməyi gəlir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən