Azərbaycanda ən yaxşı özəl universitetlər hansılardır? - Ekspert CAVABLADI

 14:37 06.08.2026     1658

Hazırda abituriyentlər üçün ən həyəcanlı mərhələlərdən biri ixtisas seçimidir. İmtahan nəticələri artıq məlum olduğu üçün minlərlə gənc hansı universiteti və ixtisası seçəcəyinə qərar verməyə çalışır. Xüsusilə nisbətən aşağı bal toplayan abituriyentlərin əhəmiyyətli hissəsi təhsillərini özəl ali təhsil müəssisələrində davam etdirməyi planlaşdırır.

Bəs Azərbaycanda ən yaxşı özəl universitetlər hansılardır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirdi ki, hazırda ölkəmizdə özəl universitetlərin reytinqinə baxsaq, həm dünya səviyyəsində tanınan, həm də təhsil keyfiyyəti yüksək olan universitetlər arasında ilk yerdə Xəzər Universiteti dayanır:

"Yəni uzun illərdir müşahidə edirik ki, Xəzər Universiteti bu baxımdan lider mövqeyini qoruyur. Sonrakı sıralamada ikinci yeri əsasən Qərbi Kaspi Universiteti və Azərbaycan Universitetinə vermək olar. Üçüncü sırada isə Bakı Avrasiya Universiteti və Bakı Biznes Universitetini qeyd etmək mümkündür. Ondan sonrakı sıralama isə, təbii ki, artıq abituriyentlərin öz seçimindən asılıdır. Əgər Qərbi Kaspi Universiteti ilə Azərbaycan Universitetini ikinci və üçüncü yerlər üzrə qiymətləndirsək, yenə də sıralama Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti və daha sonra digər özəl universitetlər şəklində ola bilər. Təbii ki, özəl universitet seçərkən ilk növbədə təhsil keyfiyyətinə diqqət yetirmək lazımdır. Bununla yanaşı, təhsil haqqını da nəzərə almaq vacibdir. Abituriyentin həmin ödənişi qarşılamaq imkanı olub-olmadığını qiymətləndirmək lazımdır. Çünki özəl universitetlərdə təhsil haqları nisbətən yüksək olur".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən