"Azərbaycanda universitetlərin yataqxana yerləri çox azdır" - Ekspertdən ETİRAZ
"Azərbaycanda universitetlərin yataqxana yerləri çox azdır, tələbə sayının heç 5 faizini belə təşkil etmir. Ona görə də kirayə mənzil bazarında hər il avqust-sentyabr aylarında bir ajiotaj yaranır".
Bu sözləri Redaktor.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirdi.

Bir çox hallarda kirayə mənzillərin daha çox olduğu bölgələrdə, xüsusilə Sovetski və Yasamal adlanan ərazilərdə çoxlu söküntü işləri aparıldığına görə bu, kirayə mənzil bazarına təsir göstərir və bahalaşmaya səbəb olur. Yəni kirayə mənzil bazarında təkliflərin sayı azalır. Söhbət xüsusilə universitetlərə yaxın ərazilərdən gedir. Çünki tələbələr üçün bu amil çox vacibdir. Onlar nəqliyyata daha az xərc çəkmək, mümkün qədər piyada gedib-gəlmək istəyirlər. Tələbə üçün hər qəpiyin, necə deyərlər, önəmi var. Ona görə də bu məsələnin həlli yolu universitetlərin kampuslarının və yataqxanalarının yaradılmasıdır. Əgər bu proses sürətlənsə və heç olmasa tələbələrin 50 faizi, xüsusilə rayonlardan gələn tələbələr yataqxanalarda yerləşdirilsə, kirayə mənzil bazarında da daha rahat vəziyyət yarana bilər".
Aytəkin TOFİQQIZI













