Aşağı bal toplayanlar hansı universitetləri seçməlidirlər? - AÇIQLAMA
"İxtisas seçimi mərhələsi həqiqətən də həm valideynlər, həm də abituriyentlər üçün kifayət qədər çətin və həlledici dövrdür. Bu mərhələdə topladığı baldan asılı olmayaraq hər kəs həyəcan keçirir. İstər yüksək, istərsə də aşağı bal toplayan abituriyentləri düşündürən əsas sual istədikləri ixtisasa, arzuladıqları ali təhsil müəssisəsinə, xüsusilə də dövlət sifarişi əsasında qəbul olub-olmayacaqlarıdır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Səbuhi Abdullayev səsləndirdi. O qeyd etdi ki, aşağı bal toplayan abituriyentlər isə daha çox özəl ali təhsil müəssisələrinə üstünlük verirlər:
"Özəl univeristetlərdə istiqamət və ixtisas üzrə fərqli yanaşmalar mövcuddur, onların hər birinin fərqləndirici üstünlükləri var. Məsələn, Odlar Yurdu Universiteti öz ixtisas istiqamətləri ilə seçilir. Eyni zamanda burada magistratura və doktorantura pillələri üzrə imkanların geniş olması bəzi abituriyentlərin seçimində mühüm rol oynayır. Azərbaycan Universiteti də son illərdə beynəlxalq əlaqələrini xeyli genişləndirib. Bundan əlavə, burada müəllim heyətinin müasir və innovativ yanaşmaları abituriyentlərin diqqətini cəlb edən amillərdəndir. Xəzər Universiteti isə ikili diplom proqramlarının genişliyi ilə seçilir. Bu səbəbdən bir çox abituriyent üçün cəlbedici ali təhsil müəssisələrindən biridir. Burada təhsil alan tələbələr müxtəlif proqramlar çərçivəsində mütəmadi olaraq xarici universitetlərə göndərilir və beynəlxalq təcrübə qazanmaq imkanı əldə edirlər. Ümumilikdə, müxtəlif meyarlar nəzərə alındıqda, özəl ali təhsil müəssisələrinin hər birinin özünəməxsus üstün cəhətləri var və abituriyentlər seçim zamanı məhz bu üstünlükləri nəzərə almalıdırlar".
Xədicə BAXIŞLI













