"150 ballıq ixtisaslar abituriyentləri çaşdıracaq" - Ekspertdən XƏBƏRDARLIQ

 14:08 07.08.2026     893

"Bu il ixtisas seçimi əvvəlki illərdən tamamilə fərqli formada keçiriləcək. Səbəb ondan ibarətdir ki, 150 ballıq ixtisasların sayının artırılması ixtisas seçimində ciddi çaşqınlıq yaradacaq. Buna görə də artıq abituriyentlərdə düzgün fikir formalaşdırmaq çətinləşir. Onlar seçim qarşısında qalırlar: rayon universitetlərini seçsinlər, yoxsa 150 ballıq ixtisaslarla Bakıda təhsil almağa üstünlük versinlər? Hazırda bununla bağlı kifayət qədər aydın məlumat yoxdur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Murad səsləndirdi.

O əlavə etdi ki, abituriyentlər arasında belə bir ümid yaranıb ki, 150 ballıq ixtisasların sayı artdığı üçün blok imtahanında 100 balı keçməyənlər də həmin ixtisaslara qəbul ola biləcəklər:

"Xüsusilə 150-200 bal toplayan abituriyentlər arasında bu baxımdan maraq və ümid artıb. Onlar düşünürlər ki, qəbul olmaq şansları yüksələcək. Ancaq hesab edirəm ki, tamamilə fərqli vəziyyət yaranacaq. Əvvəllər 200 ballıq olan bəzi ixtisasların keçid balı 150-yə endirilib. Bu isə o demək deyil ki, həmin ixtisasların keçid balları 150–200 bal intervalında formalaşacaq. Məhz buna görə də abituriyentlər seçim zamanı müəyyən çətinliklərlə üzləşə bilərlər".

Ekspertin fikrincə, daha məqsədəuyğun olar ki, rayon universitetlərinə, xüsusilə də özəl ali təhsil müəssisələrinə müraciətlərin sayı artsın:

"Əks halda, qəbul prosesində çətinliklərlə qarşılaşa bilərlər. Düşünürəm ki, abituriyentlər bu il ixtisas seçimi zamanı əvvəlki illərlə müqayisədə daha diqqətli olmalıdırlar. İlk baxışdan hər şey asan görünsə də, əslində bu il ixtisas seçimi əvvəlki illərdən daha mürəkkəb olacaq.

Bunun əsas səbəbi pərakəndəlik, ikitirəlik və məlumat çatışmazlığıdır. Bütün bu amillər ixtisas seçiminə ciddi təsir göstərəcək".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən