Azərbaycanda özəl universitet seçərkən nələrə diqqət edilməlidir? – İlqar Orucovdan MƏSLƏHƏT

 15:49 07.08.2026     968

"Bu gün Azərbaycanda ixtisas seçimi edən abituriyentlərin xeyli hissəsi təhsillərini özəl universitetlərdə davam etdirməyi planlaşdırır. Lakin qəbul kampaniyası zamanı ən çox rast gəlinən yanlışlıqlardan biri ali təhsil müəssisələrinin statuslarının düzgün fərqləndirilməməsidir.

Geniş kütlə tərəfindən bəzən özəl hesab edilən ADA Universiteti və Bakı Mühəndislik Universiteti əslində xüsusi statuslu və ya dövlət ali təhsil müəssisələridir. Sırf özəl sektor baxımından qiymətləndirdikdə isə əsas meyarlar fərqlidir. Burada qlobal reytinqlər, beynəlxalq tanınma, lisenziyanın stabilliyi və təhsil keyfiyyəti ön plana çıxır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov səsləndirdi.

O qeyd etdi ki, hazırkı vəziyyətdə Azərbaycanda özünü təsdiqləmiş, hüquqi və akademik baxımdan etibarlı hesab edilən dörd özəl universitet fərqli üstünlükləri ilə seçilir.

"Xəzər Universiteti özəl ali təhsil sektorunun flaqmanlarından biri hesab olunur. Universitet məşhur "QS World University Rankings" qlobal reytinqində ilk 1000-likdə yer alan Azərbaycanın yeganə sırf özəl universitetidir. Burada ingilisdilli tədris mühiti, xarici professor-müəllim heyəti və yüksək elmi istinad göstəricilərinə malik akademik kollektiv mövcuddur.

Gələcək karyerasını transmilli və ya xarici şirkətlərdə qurmaq istəyən, dil bazası güclü olan abituriyentlər üçün Xəzər Universiteti yaxşı seçim ola bilər. Bununla yanaşı, təhsil haqqı digər özəl ali təhsil müəssisələri ilə müqayisədə daha yüksəkdir.

Odlar Yurdu Universiteti də son illərdə həm infrastrukturu, həm də beynəlxalq tanınma baxımından ciddi rəqabət üstünlüyü qazanıb. Universitet Almaniyanın rəsmi təhsil bazası olan Anabin sistemində H+ statusu ilə yer alır və diplomu Türkiyənin Ali Təhsil Qurumu (YÖK) tərəfindən tanınır. Bu da universitetin beynəlxalq səviyyədə tanınması və təhsil keyfiyyətinin göstəricilərindən biridir", – deyə o bildirib.

Mütəxəssisin fikrincə, abituriyentlər üçün etibarlı seçimlərdən biri məhz Odlar Yurdu Universitetidir:

"Son dövrlərdə universitet rəqəmsal müəllimlik, kibertəhlükəsizlik kimi innovativ istiqamətlərə investisiya edib. Eyni zamanda qiymət-keyfiyyət balansı və təhsil haqqı imkanları baxımından da abituriyentlər üçün cəlbedici variant ola bilər.

Digər diqqətçəkən universitetlərdən biri Qərbi Kaspi Universitetidir. Azərbaycanın ilk özəl ali təhsil müəssisələrindən biri olan bu universitet yaradıcı və tətbiqi elmlər istiqamətində ixtisaslaşıb. Beynəlxalq reytinqlərdə, xüsusilə regional siyahılarda iştirak edir. Müasir laboratoriyaları, İT mərkəzləri, eləcə də dizayn, memarlıq və logistika sahələrində güclü maddi-texniki bazası ilə seçilir.

Azərbaycan Universiteti də ölkənin ilk müstəqil özəl ali təhsil müəssisələrindən biri kimi uzun illərdir fəaliyyət göstərir. Universitet iqtisadiyyat, idarəetmə və humanitar sahələrdə öz yanaşması ilə fərqlənir. Burada biznesin idarə edilməsi, maliyyə, mühasibatlıq və sosial iş proqramları sabit təhsil imkanları ilə seçilir. Təhsil haqlarının daxili bazara uyğun olması da tələbələr üçün üstünlük yarada bilər".

İ.Orucovun sözlərinə görə, Azərbaycanda balı nisbətən aşağı olan abituriyentlərin özəl universitetlərə üz tutması təbii tendensiyadır.

"Lakin müasir əmək bazarında dövlət və ya özəl universitet diplomu arasındakı fərq əvvəlki qədər həlledici deyil. İşəgötürənlər artıq yalnız diplomun adına deyil, namizədin biliklərinə, bacarıqlarına və fərdi keyfiyyətlərinə diqqət yetirirlər.

Valideynlər və abituriyentlər seçim zamanı yalnız parlaq reklamlara deyil, universitetin beynəlxalq tanınma statusuna da diqqət etməlidirlər. Məsələn, YÖK və Anabin kimi beynəlxalq tanınma göstəriciləri universitet diplomunun xaricdə və beynəlxalq əmək bazarında qəbul olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Unutmaq olmaz ki, aparıcı özəl universitetlərdə də dövlət hesabına ödənişsiz təhsil imkanları mövcuddur və bu yerlər yüksək bal toplayan tələbələr üçün açıqdır. Bundan əlavə, bir sıra özəl universitetlərin daxili təqaüd proqramları da fəaliyyət göstərir.

Məsələn, Odlar Yurdu Universiteti sosial baxımdan həssas qruplardan olan tələbələr üçün təqaüd və təhsil güzəştləri təqdim edir.

Balı minimum həddə çatmayan gənclər üçün isə özəl universitetlərin nəzdində fəaliyyət göstərən kolleclər gələcəkdə imtahansız ali təhsilə keçid baxımından səmərəli alternativ ola bilər. Bu istiqamət subbakalavr modeli kimi qiymətləndirilə bilər", – deyə mütəxəssis vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən