"Başqalarının uşağı repetitor yanına gedir deyə..." - Əməkdar müəllimdən valideynlərə ÇAĞIRIŞ

 17:16 10.08.2026     1290

"Repetitor yanına uşaq göndərmək artıq cəmiyyətimizdə sanki dəb halından da çıxıb, norma halına gəlib. Məktəbə hazırlıqla dərs ilini bir ay tez başlatmaq tamamilə fərqli şeylərdir. Yay tətilindən sonra uşağın yuxu və gündəlik rejiminin tədricən dəyişdirilməsi faydalıdır. Məktəbə təxminən 1-2 həftə qalmış yatmaq və oyanmaq saatlarını yavaş-yavaş erkən vaxta çəkmək sentyabrda rejimə uyğunlaşmanı asanlaşdıra bilər. Amma avqust ayının əvvəlindən uşağın qarşısına ağır dərs cədvəli qoymaq doğru deyil".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Əməkdar müəllim Sona Əliyeva səsləndirdi.

O qeyd etdi ki, yayda müəyyən akademik bacarıqların zəifləməsi mümkündür:

"Araşdırmalarda bu, xüsusilə riyaziyyat fənni üzrə daha çox müşahidə olunur. Amma “uşaq yayda dərs oxumasa, hər şeyi unudacaq” fikri elmi baxımdan həddindən artıq sadələşdirilmiş yanaşmadır. Uşaqların hamısında təsir eyni deyil və yay fasiləsinin nəticələri bir neçə amildən asılıdır. Ona görə də normal oxuyan uşağı sırf “geri qalmasın” deyə avqustdan intensiv repetitor qrafikinə salmağı zəruri hesab etmirəm. Əgər uşağın konkret bilik boşluğu varsa, hansısa fənnin əsaslarını mənimsəməyibsə və ya qarşıda ciddi imtahan mərhələsi dayanırsa, yayda məqsədli hazırlıq faydalı ola bilər. Burada məqsəd yeni proqramı qabaqcadan bitirmək deyil, çatışmayanı tamamlamaq olmalıdır. Xüsusilə ibtidai sinif uşaqlarında isə yay aylarını yalnız akademik hazırlığa çevirmək düzgün deyil. Oyun, hərəkət, mütaliə, sosial ünsiyyət və sərbəst fəaliyyət də uşağın inkişafının bir hissəsidir".

Müsahibimiz vurğuladı ki, valideynlər bəzən uşağın real ehtiyacı ilə öz narahatlıqlarını qarışdırırlar:

"“Başqalarının uşağı repetitor yanına gedir, mənim uşağım da getməlidir” yanaşması təhsildən çox müqayisənin nəticəsidir. Məncə, avqust ayında ən doğru yanaşma məktəbə keçidi asanlaşdırmaqdır. Gündəlik mütaliə, maraqlandığı mövzularla məşğul olmaq, oyun və praktik fəaliyyətlər kifayət edə bilər. Məktəbə son həftələrdə isə yuxu rejimini tədricən qaydaya salmaq daha vacibdir. Çünki uşağın sentyabrda məktəbə hansı bilik səviyyəsində qayıtması qədər, hansı psixoloji vəziyyətdə qayıtması da əhəmiyyətlidir. Uşağı məktəbə hazırlamaq istəyiriksə, onu yay tətilindən, doyunca istirahətdən məhrum etməməliyik".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən