Daha hansı universitetlərdə təhsil haqqı azalacaq? - AÇIQLAMA

 16:00 11.08.2026     1364

Məlumat verdiyimiz kimi, 2026-2027-ci tədris ili üzrə Azərbaycan Tibb Universitetində (ATU) təhsilhaqları ötən illə müqayisədə ixtisasdan asılı olaraq 1000-1500 manatadək azaldılıb. Bu haqda ATU məlumat yayıb. Qeyd olunub ki, bu dəyişiklik dövlətin əhalinin sosial rifahının yaxşılaşdırılması və ali təhsilin daha əlçatan olması istiqamətində həyata keçirdiyi siyasətin növbəti mərhələsidir. 

Bəs digər universitetlərdə də təhsilhaqları azaldıla bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan  Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovun sözlərinə görə, yenilik ölkənin insan kapitalının inkişafı və sosial-iqtisadi dayanıqlığı baxımından strateji və müsbət, proqressiv bir addımdır:

"Bu, sosial ədalət və merkantilizasiya illüziyasının aradan qaldırılması deməkdir. Tibb təhsili bütün dünyada ən baha ixtisaslardan biridir. Təhsil haqlarının tibb və stomatologiya üzrə 1500 manat azaldılaraq müvafiq olaraq 5000 və 4500 manata endirilməsi ali təhsilin kommersiyalaşdırılması riskini neytrallaşdırır və həm də universitetlərin biznes müəssisəsi kimi fəaliyyət göstərməsi kimi zərərli meylin qarşısını almağa doğru atılmış addımdır. Bu addım intellektual potensialı yüksək olan, lakin aşağı və orta gəlirli ailələrdən gələn abituriyentlərin tibb təhsilinə əlçatanlığını təmin etmək baxımından da əhəmiyyətlidir. Sosial ədalət deyəndə mən həm də bunu nəzərdə tuturam.

Həmçinin, bu, səhiyyə sektorunda kadr potensialının gücləndirilməsinə yönəlmiş addımdır. Ölkədə icbari tibbi sığortanın tam tətbiqi fonunda həkim və ixtisaslı tibb personalına tələbat kəskin artdığından, bu addım kadr hazırlığının kütləviliyini deyil, məzmun keyfiyyətini və rəqabətədavamlı kadr bazasını genişləndirməyi zəruri edir. Həmçinin, ödənişli plan yerlərinin minimuma endirilməsi o deməkdir ki, dövlət maliyyələşməni birbaşa öz üzərinə götürür. Dövlət sifarişi ilə hər tələbəyə ayrılan 6000–8000 manatlıq maliyyələşmə mövcuddur ki, bu da kifayət qədər böyük bir dövlət büdcəsindən ayrılmadır və dövlət sifarişinin dominantlığı modelinin burada əsas götürülməsi, həmçinin “tələbə kapitalı” modelinə keçidin bir mərhələsi kimi dəyərləndirilməlidir".

Müsahibimiz hesab edir ki, təhsil bazarının disbalansını aradan qaldırmaq üçün bu humanitar və strateji maliyyə modelinin müxtəlif universitet qruplarında tətbiq edilməsi məqsədəuyğundur:

"Ali təhsildə qiymət tənzimlənməsi dövlətin sosial investisiya siyasətinin çox vacib istiqamətlərindən biridir. Tibb Universitetinin nümunəsində tətbiq edilən bu optimallaşdırma digər universitetlərdə də analoji addımların atılmasını zəruri edir. Təhsil haqlarının aşağı salınması daxili bazarda özəl və xarici universitetlərə (xüsusilə Türkiyə, Rusiya, Şərqi Avropa ali məktəblərinə) beyin axınının və maliyyə axınının qarşısını alan ciddi bir mexanizm rolunu oynayacaqdır.

Mən ümumiyyətlə universitetlərin maliyyə mənbəyini yalnız tələbənin ödənişi hesabına təmin etməyin zərərli olduğunu qeyd etmişəm. Zaman-zaman toxunmuşam ki, dünyanın təhsil tutumlu ölkələrindən olan, dünyanın iqtisadi nəhənglərindən biri olan Almaniya Federativ Respublikasında dövlət universitetləri nəinki Almaniyadan olan tələbələr, həm də xarici tələbələr üçün təhsil tamamilə pulsuzdur. Bunun əsasında ciddi bir humanist yanaşma, istedadlara qapı açmaq fəlsəfəsi dayanır. Hətta Avropa İttifaqının digər ölkələrində də Aİ ölkələrindən olan tələbələr üçün təhsil haqqı simvolik bir ödəniş təşkil edir və bu ödəniş də sonrakı mərhələdə tələbələrin sosial müdafiəsinə (nəqliyyat xərclərindən azad olunma, tələbə yeməkxanalarında güzəştli qiymətlər və s.) yönəldilir. Bu, Azərbaycan dövlətinin öz gəncinə sahiblənməsini göstərir. Ölkə prezidentinin gəncliyinə hədiyyəsi məhz xaricdə təhsillə bağlı dövlət proqramının tətbiqi idi. Azərbaycanda unikal bir dövlət proqramı tətbiq olundu ki, bunun çərçivəsində minlərlə gəncimiz dünyanın ən reytinqli və bahalı universitetlərində təhsil almağa göndərildi. Bu, dövlətin insan, tələbə kapitalına sahiblənməsi və ölkənin gələcək inkişafı naminə kadr bazasını zənginləşdirməyə yönəlmiş addımıdır".

Onun sözlərinə görə, universitetlər kifayət qədər diqqətli olmalıdırlar:

"Qiymət siyasətini tənzimləyərkən tələbəni, dövləti və dövlətin gələcəyini düşünərək addım atmalıdırlar. Təhsil müəssisəsini biznes müəssisəsinə çevirmək baxışından uzaq olmaq lazımdır. Universitetlərin əlavə gəlir əldə etməklə bağlı kifayət qədər geniş imkanları var; biz bunu dünya təcrübəsində görmüşük. Dünyanın müxtəlif ölkələrində universitetlərdə olmuşam və görmüşəm ki, onlar sırf tələbənin təhsil haqqına hədəflənmirlər. Onlar digər sifarişlər, qrantlar, sənaye müəssisələri ilə əməkdaşlıq edərək əlavə vəsaitlər cəlb edirlər. Tələbə ödənişinə göz dikmək, hesab edirəm ki, heç bir universitet üçün yaxşı nümunə sayıla bilməz".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən