"Diplomların rolu əvvəlki qədər böyük olmayacaq" - Deputatdan HƏYƏCAN TƏBİLİ

 17:04 11.08.2026     916

"Müasir dövrdə ciddi proseslər gedir və biz təhsil sahəsində də bu prosesin əlamətlərini getdikcə daha çox görürük. Mən düşünürəm ki, yaxın dövrdə artıq diplomların və ali təhsilin rolu əvvəlki qədər böyük olmayacaq. Yəni proses fərqli istiqamətə yönələcək və daha çox bacarıqlar ön plana çıxacaq".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirdi.

O qeyd etdi ki, bu gün Azərbaycanda insanlar bir aylıq, iki aylıq kurslara gedərək özlərini daha da inkişaf etdirə və irəli apara bilirlər:

"Artıq müasir dövr bacarıqlar dövrüdür. Nə qədər acı olsa da, nə qədər qəribə səslənsə də, Azərbaycan reallığında gənclər 3, 4, 5 ay və ya 1 il kursa gedərək daha asan və rahat iş tapa bilirlər, nəinki 4-5 il universitetdə təhsil alanlar. Mən bu həyəcan təbilini neçə vaxtdır çalıram, amma təəssüf ki, hələ də bizdə bu məsələlərə o qədər ciddi yanaşılmır. Bu, gələcəyə doğru bir SOS siqnalıdır. Təəssüflə qeyd etməliyik ki, bizim təhsil sistemimiz buna tam hazır deyil və bu acı reallıqla, bu həqiqətlə bir gün universitetlərimiz üz-üzə qalacaq. Ona görə də biz təhsil sistemimizi daha çox bacarıqlar üzərində qurmalıyıq, bacarıq sistemi formalaşdırmalıyıq və insanların bacarıqlarını artırmaq istiqamətində daha çox çalışmalıyıq".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən