Məktəb alış-verişində valideynləri nə gözləyir? - Qiymətlərlə bağlı AÇIQLAMA
Bildiyimiz kimi, qarşıdan yeni tədris ili gəlir. Bəzi valideynlər isə artıq məktəb alış-verişinə başlayıblar.
Bəs hazırda məktəb ləvazimatlarının qiymətləri ilə bağlı vəziyyət necədir?
Redaktor.az-a danışan iqtisadçı Günay Hüseynovanın sözlərinə görə, bazarda tələbin artması qiymətlərə təsirsiz ötüşmür:
"Xüsusilə də tədris ilinin başlanmasına sayılı günlərin qalması qiymət bazarında aktivliyi bir az daha artırıb. Valideynlər əsasən alış-verişi gözlənilən gəlirlərə əsasən tənzimləyirlər. Orta büdcəli şəxslər isə bu hazırlığı bir neçə ay öncədən görürlər. Qiymət artımı məsələsində, təbii ki, işbazların da rolu var. Bilirlər ki, qiymətdən asılı olmayaraq, sayılı günlərin qalması səbəbindən valideyn məcbur olaraq hər hansısa ləvazimatı və ya məktəb çantasını alacaq".
Müsahibimizin fikrincə, qiymətləri stabil saxlamaq üçün standartlar olmalıdır:

"Eyni zamanda, bu standartlar məktəbdə uşağın bərabərhüquqlu olmasını da qoruyar. Məsələn, məktəb çantaları, dəftərlər eyni olsa, ayaqqabı standart formada olsa, məktəb geyimi kimi daha uyğun olardı.
Bundan əlavə, düşünürəm ki, əlavə xərcləri azaltmaq üçün əlavə vəsaitlər də aradan qaldırılmalıdır. Məsələn, dərslikdən kənar iş dəftərləri, testlər və s. bu kimi şeylər aradan qaldırılmalıdır və məcburi olmamalıdır. Ailədə bir neçə uşağın olması az gəlirli ailələr üçün maliyyə yükünün daha artmasına səbəb olur".
Aytəkin TOFİQQIZI













