İctimai nəqliyyatda tələbələrə güzəşt olunacaq? - AÇIQLAMA 

 13:52 12.08.2026     606

"Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çəçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti inşaat işləri bitənə qədər dayandırılacaq. Bu müddət ərzində sərnişinlərin daşınması üçün əlavə ekspres xətlərin yaradılması və mövcud xətlərin gücləndirilməsi ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulur. Qarşıdan isə yeni tədris ili gəlir və metroda yaranacaq məhdudiyyətlər səbəbindən tələbələrin avtobuslardan istifadəsi artacaq.

Bu baxımdan, tələbələr üçün avtobuslarda xüsusi güzəştlərin tətbiqi nəzərdə tutula bilərmi?

Redaktor.az-a danışan nəqliyyat eksperti Raqif Raufoğlu qeyd etdi ki, xüsusilə də tələbələrin getdiyi istiqamətlər nəzərə alınıb və Elmlər istiqamətinə də ekspress marşrutlar gedəcək:

Bu marşrutlar 6 istiqamətdən çıxacaqlar. Əsas vacib olan odur ki, tələbələrimiz marşrutları bilsinlər. Məsələn, Gənclikdən bu istiqamətə gedən tələbə varsa, o, elə həmin marşruta oturub getsə, onun üçün eyni məbləğ olacaq. Çünki metroya verdiyi pulu həmin avtobusa vermiş olur və artıq başqa yerdəyişmə etmədən gedə biləcək".

Müsahibimiz tələbələrə güzəşt mövzusundan da danışdı:

nəqliyyat eksperti Raqif Raufoğlu

"Güzəşt, təbii ki, olsaydı, çox əla olardı. Biz də bunu çox istərdik və hətta təklif də etdik ki, bəs görəsən, ən azından tələbələrə güzəşt nəzərdə tutulurmu? Problem ondadır ki, o sistem bizdə hələ hazır olunmayıb. Əgər o hazır olsaydı, artıq, təbii ki, onu tətbiq edə biləcəkdilər. Hazırda bunu izləmək və nəzarət etmək, belə başa düşürəm ki, onlar üçün çox çətindir. Ona görə bu məsələdə dedilər ki, hələ ki edə biləcəyimiz bir şey yoxdur. Amma biz mümkün qədər onların daha rahat getməsini təmin etməliyik, buna çalışacağıq", - dedilər".

Həmsöhbətimiz düşünür ki, mikromobilliyə üstünlük verənlərin sayı artacaq:

"Çünki skuter, velosiped zolaqları var. Bəzi istiqamətlərdə kimlərə ki uyğundur, onlar istifadə edə biləcəklər. Hazırda məni də narahat edən odur ki, Koroğludan o tərəfə - Həzi Aslanova doğru - yəni Qara Qarayev, Neftçilər, Xalqlar Dostluğu istiqamətlərində ekspres avtobuslar hələ ki yoxdur. Onların işi hələ ki çətindir, çünki hətta onlar ekspreslə gəlsələr də, Koroğluya gəlməlidirlər. Amma yenə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qeyd etdi ki, biz bunları monitorinq edəcəyik. Görsələr ki, Neftçilərdən daha çox tələbat var, biz orada ekspress marşrut açacağıq. Ona görə yaxşı olardı ki, biz də bu informasiyaları aldıqca bölüşək".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən