"Tələbənin maliyyə yükü azalmalı, müəllimin rifahı da unudulmamalıdır" - Vüsalə Ağabəyli

 17:19 12.08.2026     1073

"Azərbaycan Tibb Universitetində 2026–2027-ci tədris ili üzrə təhsil haqlarının ixtisaslardan asılı olaraq 1000–1500 manatadək azaldılması müsbət və sosial baxımdan əhəmiyyətli addımdır. Xüsusilə son illərdə ali təhsilin maliyyə əlçatanlığının təmin edilməsi məsələsi getdikcə daha çox aktuallaşır. Ona görə də tələbələrin və onların ailələrinin maliyyə yükünü azaltmağa yönələn belə qərarları təqdirəlayiq hesab edirəm".

Bu fikirləri Redaktor.az-a danışan Azərbaycan Dillər Universitettinin (ADU) professoru, filologiya elmləri doktoru Vüsalə Ağabəyli bildirdi.

Onun sözlərinə görə, bu məsələyə yalnız təhsil haqqının müəyyən məbləğdə aşağı salınması kimi yanaşmaq düzgün olmazdı:

"Söhbət, əslində, ölkənin insan kapitalının qorunmasından və gənclər üçün rəqabətqabiliyyətli təhsil mühitinin yaradılmasından gedir. Bu gün Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almağa marağı kifayət qədər yüksəkdir. Təbii ki, bunun müxtəlif səbəbləri var. Xarici universitetlərin geniş təhsil imkanları, beynəlxalq proqramlar, daha çox təqaüd və maliyyə dəstəyi imkanlarının mövcudluğu, qəbul proseslərinin çevikliyi və bəzi hallarda tələbəyə daha fərdi yanaşma gənclər üçün cəlbedici amillərdir.

Bu reallıq göstərir ki, biz öz ölkəmizdə də ali təhsilin həm maliyyə, həm də institusional baxımdan daha əlçatan olmasına çalışmalıyıq. Təhsil haqları insanların real iqtisadi vəziyyəti nəzərə alınmaqla formalaşdırılmalı, sosial baxımdan həssas ailələrdən olan tələbələr üçün güzəştlər və əlavə maliyyə dəstəyi mexanizmləri genişləndirilməlidir. Eyni zamanda universitetlərə qəbul prosesində də mümkün qədər sadə, şəffaf və çevik mexanizmlərin tətbiqi vacibdir. Gəncə, Qəbələ, Bakı və ya ölkənin digər regionlarında yaşayan gəncin keyfiyyətli ali təhsil almaq imkanını yalnız maddi imkanları müəyyən etməməlidir.

Lakin burada çox vacib bir məqamı da nəzərdən qaçırmaq olmaz. Təhsil haqqının aşağı salınması mütləq şəkildə universitetlərin maliyyə dayanıqlığı məsələsi ilə birlikdə düşünülməlidir. Çünki universitetin əsas resurslarından biri onun professor-müəllim heyətidir. Təhsil haqqı artırıldığı zaman bunun müəyyən hissəsinin universitet kollektivinin əməkhaqlarına, iş şəraitinə, elmi fəaliyyətə və tədrisin keyfiyyətinə yönəldilməsi gözləniləndir. Digər tərəfdən, müəllimin sosial rifahı onun peşəsinə münasibətinə və keyfiyyətli tədris aparmaq imkanlarına birbaşa təsir edən amillərdəndir. Maddi baxımdan təmin olunmayan müəllimdən daim yüksək keyfiyyət və əlavə akademik fəaliyyət gözləmək də doğru yanaşma deyil".

Professor hesab edir ki, universitetlərin maliyyələşdirilməsi yalnız tələbələrin ödədiyi təhsil haqları üzərində qurulmamalıdır:

"Təhsil haqqının aşağı salınması ilə müəllimlərin əməkhaqqının və universitetlərin maliyyə imkanlarının azalması arasında seçim qarşısında qalmaq düzgün deyil. Burada dövlət tərəfindən universitetlərə ayrılan maliyyənin artırılması, xüsusilə strateji ixtisaslar üzrə əlavə maliyyələşdirmə mexanizmlərinin tətbiqi daha məqsədəuyğun çıxış yolu ola bilər. Müəllimlərin əməkhaqlarının artırılması və onların sosial rifahının yaxşılaşdırılması daha çox dövlətin təhsil siyasəti çərçivəsində dəstəklənərsə, universitetlər təhsil haqqını artırmaq hesabına bu yükü tələbələrin üzərinə qoymaq məcburiyyətində qalmazlar.

Digər tərəfdən, universitetlərin əlavə maliyyə mənbələri yaratmasına da şərait yaradılmalıdır. Elmi-tədqiqat layihələri, beynəlxalq qrantlar, sənaye və bizneslə əməkdaşlıq, ömür boyu təhsil proqramları və digər qanuni gəlir mənbələri universitetlərin maliyyə dayanıqlığını gücləndirə bilər. Beləliklə, təhsil haqqının azaldılması universitetin keyfiyyət göstəricilərinə mənfi təsir göstərmədən həyata keçirilə bilər".

Vüsalə Ağabəyli ATU-nun bu addımını  məhz bu geniş kontekstdə müsbət qiymətləndirir:

"Düşünürəm ki, növbəti mərhələdə digər universitetlərdə də təhsil haqları ixtisasın strateji əhəmiyyəti, əmək bazarının tələbləri, ailələrin sosial-iqtisadi vəziyyəti və həmin ixtisasa olan dövlət ehtiyacı nəzərə alınmaqla yenidən qiymətləndirilə bilər. Xüsusilə müəllimlik, mühəndislik, informasiya texnologiyaları, kənd təsərrüfatı, təbiət elmləri, səhiyyə və ölkənin gələcək inkişafı üçün prioritet hesab olunan digər istiqamətlərdə gənclərin təhsil almasına əlavə stimul verilməsi vacibdir. Əsas məqsədimiz gəncləri xaricdə təhsil almaq istəyindən uzaqlaşdırmaq deyil. Əksinə, onların xaricdə qazandıqları təcrübə ilə geri qayıtmasını təşviq etməklə yanaşı, ölkəmizdə də elə təhsil mühiti yaratmalıyıq ki, gənc öz ölkəsində keyfiyyətli təhsil, münasib maliyyə şərtləri, ədalətli qəbul sistemi, təqaüd imkanları və gələcək karyera perspektivi görsün.

Ali təhsilin əlçatanlığı yalnız tələbənin ödədiyi məbləğin azaldılması ilə ölçülməməlidir. Burada tələbənin sosial rifahı ilə yanaşı, müəllimin sosial rifahı, universitetin maliyyə dayanıqlığı və təhsilin keyfiyyəti də eyni sistemin tərkib hissələridir. Bu üç istiqamət arasında balans yaradılarsa, həm təhsil daha əlçatan, həm müəllim daha motivasiyalı, həm də universitet daha keyfiyyətli və rəqabətqabiliyyətli ola bilər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən