"Yalnız diploma görə yox, sevdiyiniz, istədiyiniz ixtisası seçin" - Məleykə Abbaszadə
“Elə şəxslər tanıyıram ki, 7 il ərzində bir ixtisası əldə etmək üçün imtahanlarda iştirak ediblər və sonra uğur qazanıblar”.
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in “YouTube” və “Facebook” səhifələrindəki canlı yayımda məlumat verib.
M.Abbaszadə bildirib ki, ən yüksək müsabiqə vəziyyəti IV ixtisas qrupunda “Tibb” ixtisasıdır. İllərdir ki, bu ixtisas üzrə 600-dən yüksək keçid balı formalaşır: “Belə ixtisaslara qəbul üçün balınız çatmırsa, 1 il öz üzərinizdə işləyib balınızı qaldırmaq imkanınız varsa, hazırlaşın. Amma təxminən 1 il ərzində real nəticənizi əzmlə, ciddi işləsəniz, 200 bala qaldıra bilərsiniz. Lakin istədiyiniz ixtisasın keçidi 650 baldırsa və sizin balınız 250-dirsə, sizə bir yox, bir neçə il lazım olacaq”.
Onun sözlərinə görə, buna baxmayaraq, yenə də həmin istiqamətdə gənclər fəaliyyətlərini davam etdirmək istəyirsə, o zaman həmin sahə üzrə kollecləri seçmək olar: “Verdiyiniz qərar sizin məsuliyyətinizə aiddir, daha sonra məsləhət verənlər sizin yanınızda olmayacaq. Çox xahiş edirəm ki, düşünün, seçim zamanı, doğrudan da, istədiyiniz ixtisasları müəyyən edin. Yalnız diploma görə yox, sevdiyiniz, istədiyiniz ixtisası seçin".













