"Ən yaxşı ixtisas insanın öz potensialını reallaşdıra bildiyi ixtisasdır" - AÇIQLAMA

 17:45 13.08.2026     1090

Bildiyimiz kimi, hazırda universitetlərə ixtisas seçimi prosesi aparılır. Bu mərhələdə abituriyentləri düşündürən əsas məsələlərdən biri də hansı ixtisası seçməli olduqlarıdır.

Bu baxımdan, abituriyent öz istəyi və arzusu olan ixtisasa yönəlməlidir, yoxsa ona məsləhət görülən, dövrün tələblərinə uyğun və gələcəyi daha perspektivli olan ixtisası seçməlidir?

Redaktor.az-a məsələ ilə bağlı danışan Bakı şəhəri Suraxanı rayonu V. Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini, məktəb idarəetməsi sahəsində 3 kitabın müəllifi və təlimçi, "Azərbaycan Təhsili" maarifləndirici sosial platformasının rəhbəri, təhsil eksperti Aqşin Kazımov bildirdi ki, söhbət yalnız universitetə qəbul olmaqdan deyil, bir gəncin gələcək peşəsindən, həyat yolundan və cəmiyyət üçün hansı mütəxəssisə çevriləcəyindən gedir.

Onun sözlərinə görə, ixtisas seçimi sadəcə Dövlət İmtahan Mərkəzinin (DİM) elektron sistemində bir neçə ixtisasın sıralanması deyil, əslində gəncin gələcəyinə verilən ilk strateji qərardır:

"Son illərdə gənclərə tez-tez “sevdiyin işi seç” deyirik. Bu, çox doğru yanaşmadır. İnsan maraq göstərdiyi, istedadının və potensialının olduğu sahədə daha uğurlu ola bilər. Lakin yalnız istək kifayət edirmi? Tutaq ki, abituriyent müəyyən ixtisası çox istəyir, amma həmin sahənin xüsusiyyətlərini, öz bacarıqlarını, əmək bazarını və gələcək karyera imkanlarını araşdırmayıb. Belə vəziyyətdə seçim emosional qərara çevrilə bilər. Deməli, arzu seçim üçün başlanğıcdır, lakin son qərar üçün kifayət deyil.

Gənc özündən soruşmalıdır: Mən bunu istəyirəmmi? Mən bunu bacarırammı? Mən bu sahədə inkişaf edə bilərəmmi? Bu peşənin gələcəkdə mənim üçün perspektivi varmı? Əsl düzgün seçim bu sualların kəsişməsində yaranır".

Həmsöhbətimiz vurğuladı ki, bu gün cəmiyyətdə “gələcəyi olan ixtisaslar” anlayışı da bəzən yanlış başa düşülür:

"Bir ixtisasın bu gün populyar olması onun sabah da ən yaxşı seçim olacağı anlamına gəlmir. Əmək bazarı dəyişir, texnologiyalar yenilənir, yeni peşələr meydana çıxır, bəzi peşələrin məzmunu isə tamamilə transformasiya olunur. Bu baxımdan gəncə yalnız “bu ixtisasın gələcəyi var” demək kifayət deyil. Əsas sual budur: “Sən bu ixtisası seçdikdən sonra özünü gələcəyin tələblərinə uyğun mütəxəssis kimi formalaşdıra biləcəksənmi?”

Çünki eyni ixtisası bitirən iki məzunun gələcəyi heç də eyni olmur. Birinin əlində sadəcə diplom olur, digəri isə diplomla yanaşı xarici dil bilir, rəqəmsal bacarıqlara sahibdir, kommunikasiya qurmağı bacarır, daim öyrənir, təcrübə toplayır və özünü inkişaf etdirir. Əmək bazarında üstünlük məhz ikinciyə verilir".

Aqşin Kazımov qeyd etdi ki, ixtisas seçimində başqa bir mühüm məsələ valideyn müdaxiləsidir:

"Bəzən valideyn övladının gələcəyini öz təsəvvürünə uyğun qurmaq istəyir: “Həkim ol”, “Müəllimlik daha yaxşıdır”, “Hüquq oxu”, “İT sahəsində gələcək var”, “Filankəsin uşağı bu ixtisası oxuyur, sən də onu seç”.

Valideynin övladına yol göstərməsi təbiidir. Lakin yol göstərmək başqa, yolu onun əvəzinə seçmək tamam başqa məsələdir. Çünki həmin ixtisasda illərlə oxuyacaq, işləyəcək və peşəkar həyatını quracaq şəxs valideyn deyil, övladın özüdür. Ona görə də valideynin rolu qərar vermək yox, düzgün qərarın verilməsinə kömək etməkdir.

İxtisas seçimində ən təhlükəli yanaşmalardan biri də kütlə psixologiyasıdır. “Hamı müəyyən ixtisası seçirsə, deməli, mən də onu seçməliyəm”. Xeyr! Hamının seçdiyi ixtisas sizin üçün doğru ixtisas olmaya bilər.

İnsanların maraqları, bacarıqları, xarakteri və məqsədləri fərqlidir. Bir gənc üçün ideal olan ixtisas digər gənc üçün uğursuz seçimə çevrilə bilər. Buna görə də ixtisas seçərkən “Dostum nə seçdi?”, “Qohumum nə məsləhət gördü?”, “Bu il hansı ixtisas dəbdədir?” suallarından daha vacib bir sual var: “Mən öz gələcəyimi hansı sahədə görürəm?”

Cəmiyyətimizdə bəzən universitetə qəbul olmaq uğurun son nöqtəsi kimi qəbul edilir. Əslində isə universitetə qəbul böyük yolun başlanğıcıdır. Diplom insana peşəkar olmaq hüququnu deyil, imkanını verir. Əsl nəticəni isə bilik, bacarıq, əməksevərlik, məsuliyyət və davamlı inkişaf müəyyən edir".

Müsahibimiz diqqətə çatdırdı ki, bu gün əmək bazarı yalnız diplomlu insan axtarmır:

"Bilik və bacarığını real nəticəyə çevirə bilən mütəxəssis axtarır. Ona görə də abituriyent ixtisas seçərkən yalnız “Bu ixtisasa neçə balla qəbul ola bilərəm?” sualını deyil, həm də “Bu ixtisası bitirdikdən sonra necə mütəxəssis olacağam?” sualını verməlidir. Bəs doğru seçim hansıdır? Məncə, doğru seçim arzunun və reallığın uzlaşdırılmasıdır. Abituriyent öz istəyindən imtina etməməlidir. Lakin istəyini əmək bazarının tələbi, şəxsi bacarığı və gələcək planları ilə müqayisə etməlidir.

Əgər gənc həm sevdiyi, həm bacardığı, həm də gələcəkdə inkişaf edə biləcəyi sahəni tapırsa, deməli, düzgün istiqamətdədir. Ən yaxşı ixtisas hamının seçdiyi ixtisas deyil. Ən yaxşı ixtisas insanın öz potensialını reallaşdıra bildiyi ixtisasdır.

Bu gün gənclərimizə “Hansı ixtisas gəlirlidir?” sualından daha çox “Hansı sahədə özünü güclü mütəxəssisə çevirə bilərsən?” sualını verməliyik. Çünki gələcəyin əmək bazarında təkcə ixtisaslar deyil, peşəkar insanlar qalib gələcək".

Ekspertin fikrincə, ixtisas seçimi bir neçə rəqəmin, balın və universitet adının seçimi deyil:

"Bu, insanın özünü tanıması, imkanlarını düzgün qiymətləndirməsi və gələcəyini planlaşdırması prosesidir.

Ona görə də abituriyentə nə yalnız “ürəyinin səsini dinlə”, nə də yalnız “gələcəyi olan ixtisası seç” demək lazımdır. Ona deməliyik: Arzunu dinlə, bacarığını ölç, əmək bazarını araşdır və gələcəyini düşün. Çünki insan sevdiyi işi görəndə daha həvəslə çalışır, bacardığı işi görəndə daha yaxşı nəticə göstərir, gələcəyi olan sahədə isə bu nəticəni karyeraya çevirə bilir. Bəlkə də ixtisas seçiminin ən doğru formulunu bir cümlə ilə belə ifadə etmək olar: “Arzun istiqamətini göstərsin, bacarığın yolunu müəyyən etsin, zamanın tələbi isə seçiminə istiqamət versin.”

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən