“İlk 5-10 yerdə istədiyiniz ixtisasları yazın” - Ekspertdən abituriyentlərə MƏSLƏHƏT
"Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı abituriyentlərə müxtəlif tövsiyələr verib. O, məsləhətləri arasında abituriyentlərin ixtisas seçimi zamanı ilk növbədə istədikləri ixtisasları yazmalarının vacib olduğunu qeyd edib. Təbii ki, burada müəyyən şərtlər və sərhədlər nəzərə alınmalıdır. Məsələn, orta hesabla 400 bal toplayan abituriyent ixtisas seçimi zamanı 400 bal ətrafında, təxminən 15-20 bal fərqlə istədiyi ixtisasları daha əvvələ yazmalıdır. Daha sonra isə universitetə qəbul olmaq şansını artıran ixtisaslara üstünlük verməlidir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Səbuhi Abdullayev səsləndirdi.
O qeyd etdi ki, təkcə müəyyən bir ixtisasa deyil, ümumiyyətlə ali təhsil müəssisəsinə qəbul olmaq da psixoloji baxımdan abituriyentləri rahatladır.
"Bu gərgin dövrdə ixtisas seçimi apararkən nəzərə almaq lazımdır ki, ümumilikdə 15 yer seçmək mümkündür. Bu seçim zamanı ilk 5-10 yerdə sizin istədiyiniz istiqamətlərdə, eyni zamanda xarakter və xüsusiyyətlərinizə uyğun ixtisasların seçilməsini tövsiyə edirik. Daha sonra isə qalan ixtisaslar şansınızı artırmaq üçün yazılmalı və kodlaşdırılmalıdır", - deyə müsahibimiz yekunlaşdırdı.
Xədicə BAXIŞLI













