""Təki universitet olsun" deyə seçim etməyin" - Müəllimdən abituriyentlərə ÇAĞIRIŞ

 09:55 14.08.2026     2063

"Abituriyentlərin qarşısında duran ən mühüm mərhələlərdən biri ixtisas seçimidir. İmtahan nəticəsindən sonra gənclər gələcəkləri ilə bağlı mühüm qərar verməli, hansı ixtisası seçəcəklərinə qərar verməlidirlər. Əslində bu, sadəcə bir ixtisas seçimi deyil. Bu seçim insanın gələcək peşəsinə, həyat tərzinə və cəmiyyətdə tutacağı mövqeyə təsir edə biləcək mühüm addımdır".

Bu sözləri Redaktor.az-a açıqlamasında ingilis-dili müəllimi Səbinə Babayeva abituriyentlərin ixtisas seçimini necə etməli olduğundan danışarkən bildirdi.

Onun sözlərinə görə, son illərdə müşahidə edilən bir mənzərə narahatlıq doğurur:

"Bəzi abituriyentlər ixtisası öz istəklərinə və gələcək məqsədlərinə görə deyil, sadəcə ali məktəbə qəbul olmaq xatirinə seçirlər. “Təki universitet olsun” düşüncəsi getdikcə daha çox ön plana çıxır. Hansı ixtisas olduğu isə bəzən heç bir əhəmiyyət daşımır.

Müəllim kimi abituriyentlərlə işləyərkən bu vəziyyəti yaxından müşahidə etmək mümkündür. Şagirdlərə “gələcəkdə hansı ixtisası seçmək istəyirsən?” sualını verdikdə bəzən konkret cavab almaq çətin olur. Halbuki insanın gələcəklə bağlı müəyyən bir arzusu, məqsədi olmalıdır. Əlbəttə, 15-16 yaşında bir gəncin bütün həyatını dəqiq planlaşdırmasını gözləmək düzgün deyil. Lakin heç olmasa öz marağını, bacarığını və hansı sahədə özünü daha rahat hiss etdiyini müəyyənləşdirməsi vacibdir.

Şagirdlər müəyyən yaşdan etibarən humanitar, texniki və digər istiqamətlərə meyillərini formalaşdırırlar. Öz bacarıqlarına uyğun istiqaməti seçirlər. Lakin həmin istiqamətdən sonra konkret ixtisas seçiminə gələndə “fərqi yoxdur, əsas odur universitet olsun” düşüncəsi ortaya çıxır. Məncə, məhz burada ciddi problem başlayır. Çünki universitetə daxil olmaq məqsədin özü olmamalıdır. Universitet gələcəyə aparan vasitədir. Əsas məqsəd isə insanın özünü reallaşdıra biləcəyi, bacarığını göstərə biləcəyi və gələcəkdə öz həyatını təmin edə biləcəyi bir peşə qazanmasıdır. Biz əvvəllər də bunun nümunələrini görmüşük. Tibb ixtisasına marağı olan, lakin balı çatmadığı üçün başqa ixtisasa yönələn abituriyentlər olub. Bəzən müəllimlik, bəzən başqa bir ixtisas seçilib. Əlbəttə, bu ixtisasların heç birində problem yoxdur. Problem insanın həmin peşəni istəmədən, özünü orada görmədən seçməsidir. Belə hallarda istisnalar olsa da, sonradan həmin insanların seçdikləri sahədə özlərini tapa bilmədiklərinin şahidi oluruq".

Həmsöhbətimiz düzgün ixtisas seçiminin necə olmalı olduğundan da danışdı:

"Məncə, burada üç əsas amil mütləq nəzərə alınmalıdır: istək, bacarıq və əmək bazarının tələbi.

İlk növbədə istək olmalıdır. İnsan sevdiyi işi daha böyük həvəslə öyrənir, özünü inkişaf etdirməyə çalışır və qarşılaşdığı çətinliklərdən daha asan keçir. Sevmədiyi bir peşəni isə yalnız diplom xatirinə oxumaq və sonradan illərlə həmin sahədə işləmək insanı həm peşəkar, həm də mənəvi baxımdan yorur. Lakin yalnız istək də kifayət deyil. Abituriyent özünə sual verməlidir: “Mən bu ixtisas üçün hansı bacarıqlara sahibəm?” Çünki insanın istədiyi hər sahə onun bacarığı ilə uyğunlaşmaya bilər. Məhz istək və bacarığın üst-üstə düşdüyü zaman daha sağlam seçim ortaya çıxır.

Üçüncü amil isə dövrün tələbləridir. Biz dəyişən dünyada yaşayırıq. Əmək bazarı da dəyişir, yeni peşələr yaranır, bəzi ixtisaslara tələbat azalır, yeni istiqamətlər meydana çıxır. Buna görə abituriyent seçdiyi ixtisasın gələcək perspektivlərini də araşdırmalıdır. Çünki həyat yalnız diplomdan ibarət deyil. İnsan gələcəkdə öz əməyinin hesabına yaşamalı, qazanc əldə etməli və müstəqil olmalıdır. Bəlkə də bir qədər kobud səslənəcək, amma havayla dolanmaq olmur. Ona görə də seçilən ixtisas həm insanın sevdiyi sahə, həm bacarıqlarına uyğun istiqamət, həm də gələcəkdə ona yaşamını təmin edə biləcək peşə olmalıdır".

Səbinə Babayeva qeyd etdi ki, bu məsələdə valideynlərin və müəllimlərin də üzərinə böyük məsuliyyət düşür:

"Gəncə “bu ixtisası seç”, “filan peşə daha yaxşıdır” demək əvəzinə, ona özünü tanımağa kömək etmək lazımdır. Onun maraqlarını, bacarıqlarını, xarakterini və gələcək imkanlarını birlikdə qiymətləndirmək daha doğrudur. Ən əsası isə gəncə seçim etmək haqqı verilməlidir. Çünki onun həyatını valideyn yaşamayacaq, onun yerinə həmin peşədə işləməyəcək. Valideyn və müəllim istiqamət göstərə bilər, amma son qərarın arxasında abituriyentin özü dayanmalıdır.

Bu gün qarşımızda duran əsas sual “Abituriyent hansı universitetə qəbul olacaq?” olmamalıdır. Daha vacib sual budur: “Abituriyent gələcəkdə hansı insan və hansı peşə sahibi olmaq istəyir?” Çünki universitetə qəbul olmaq uğurun son nöqtəsi deyil. Bu, sadəcə başlanğıcdır. Əsl uğur insanın seçdiyi peşədə özünü tapması, inkişaf etməsi, cəmiyyətə fayda verməsi və öz əməyinin hesabına layiqli həyat qurmasıdır. Ona görə də bu il ixtisas seçimi qarşısında dayanan hər bir abituriyentə yalnız bir məsləhət vermək olar: “Təki universitet olsun” deyə seçim etməyin. Özünüzü görəcəyiniz, bacarığınızı göstərəcəyiniz və gələcəyinizi qura biləcəyiniz ixtisası seçin. Çünki məqsəd sadəcə ali məktəb bitirmək deyil. Məqsəd gələcəyimizi seçməkdir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən