Doğru ixtisas necə seçilməlidir? - Emma İbrahimovadan abituriyentlərə TÖVSİYƏ

 10:46 14.08.2026     1532

Hazırda universitetlərdə ixtisas seçimi prosesi davam edir. Bu mərhələdə abituriyentlərin qarşısında duran əsas məsələlərdən biri də gələcək karyeraları üçün doğru ixtisası müəyyənləşdirməkdir.

Maraqlıdır, bəs abituriyent ixtisas seçərkən hansı amilləri nəzərə almalıdır?

Redaktor.az-a danışan Azərbaycan dili və ədəbiyyat müəllimi Emma İbrahimovanın fikrincə, ixtisas seçimi abituriyentin həyatında ən vacib, ən önəmli qərarlardan biridir.

"Çünki bu, sadəcə universitetə qəbul olmaq məsələsi deyil; gələcək peşənin, onun gələcək həyat tərzinin, eləcə də müəyyən mənada gələcəyin istiqamətinin seçilməsidir. Abituriyent ilk növbədə öz istəyini, marağını, özünün bacarığını nəzərə almalıdır. Çünki insan sevdiyi, maraq göstərdiyi sahədə daha böyük həvəslə çalışır, özünü daha çox inkişaf etdirir, daha çox uğur qazanmaq üçün səy göstərir.

“Bu ixtisasın gələcəyi var” düşüncəsi ilə seçim etmək bəzən doğru nəticə verməyə bilər. Çünki gələcəyi olan bir peşə insanın özünə uyğun deyilsə, həmin sahədə uzun müddət mümkün deyil ki, uğurla fəaliyyət göstərsin. Amma digər aspektdən baxanda, yalnız arzu və istəklə də kifayətlənmək olmaz. Çünki müasir dövrdə əmək bazarının tələbləri, peşənin gələcək perspektivləri, ümumiyyətlə, texnologiyanın inkişafı və həmin ixtisas üzrə iş imkanları da mütləq abituriyent tərəfindən araşdırılmalıdır. Məsələn, bir abituriyent müəyyən sahəni çox istəyirsə, həmin sahənin hansı istiqamətlərinin gələcəkdə daha çox tələb görəcəyini araşdıraraq öz seçimini daha düzgün və daha doğru şəkildə istiqamətləndirmiş ola bilər. Ən ideal seçim, məncə, üç amilin kəsişməsində yaranır: ürəyin istədiyi, bacardığın (yəni elə bir ixtisas, peşə seçməlisən ki, sənin bacardığın olsun) və elə olmalıdır ki, gələcəkdə sənə imkan versin".

Onun sözlərinə görə, abituriyent həm özünü tanımalı, həm də zamanın tələblərini bilməlidir:

"Əgər bu amilləri yerinə yetirsə, düşünürəm ki, abituriyent doğru seçim etmiş olacaq. Ona görə mən abituriyentlərə “sadəcə ürəyinizin səsinə qulaq asın” və ya “yalnız gələcəyi olan ixtisası seçin” heç vaxt deməzdim. Mənim tövsiyəm budur, əziz abituriyentlər: öz arzunuzu əsas götürün, amma qərarınızı araşdırma və reallıqlar üzərində qurun. Bu zaman sizin seçdiyiniz ixtisas çox uğurlu bir ixtisas olacaq.

Sonda isə hər bir abituriyentə arzu edərdim ki, seçdiyi ixtisası sadəcə diplom almaq üçün deyil, gələcəkdə sevərək çalışacağı peşəyə çevirmək üçün seçsin. Yəni o peşədə özünü tapsın. Çünki düzgün ixtisas seçimi insanın təkcə karyerasına deyil, həm də birbaşa həyatına təsir edir. Hər kəsə uğurlar!".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən