“Avqustdan mayadək fasiləsiz oxuyan şagird...” - Repetitor hazırlığı ilə bağlı AÇIQLAMA

 13:46 14.08.2026     644

"Avqust ayından repetitor hazırlığına başlamaq məsələsi müasir təhsil psixologiyası və pedaqogikasında ən çox müzakirə olunan mövzulardan biridir. Təhsil mütəxəssisləri tərəfindən bu məsələyə həm müsbət, həm də mənfi tərəfləri ilə yanaşma mövcuddur və bu yanaşmalar kifayət qədər akademik və empirik əsaslara söykənir". 

 Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Redaktor.az-a bu fikirləri avqust ayından bəzi repititorların dərs keçməyə başlamasından danışarkən səsləndirdi.

Müsahibimiz bu məsələnin pedaqoji, psixoloji və metodiki aspektlərindən danışdı:

"Ümumilikdə, məsələnin pedaqoji və metodiki arqumentlərinə, yəni müsbət tərəflərinə nəzər salsaq, avqust ayında dərslərə başlamağın əsas üstünlüyü zamanın səmərəli istifadəsi və adaptasiya dövrünün düzgün tənzimlənməsi ilə bağlıdır. Geniş proqramın 9 aya sıxışdırılması şagird üzərində böyük yüklənmə yaradır. Avqust ayında başlamaq isə proqramı daha kiçik, həzm edilə bilən hissələrə bölməyə imkan verir ki, bu da mikroöyrənmə baxımından faydalıdır. Eyni zamanda, bu, vaxt itkisini azaltmaq və zamana qənaət etmək baxımından da müsbət qiymətləndirilir. Tədqiqatlar göstərir ki, üç aylıq tam fasilə zamanı şagirdlər keçmiş biliklərinin əhəmiyyətli hissəsini unuda bilirlər".

Şagirdlərin dərs yükü azaldılmalıdır” - İlqar Orucov | Aztehsil.az

Mütəxəssisin sözlərinə görə, avqust dərsləri unudulmuş materialların bərpası üçün ideal zaman hesab edilə bilər:

"Eyni zamanda, bu, adaptasiya dövrünün yumşaldılmasına da xidmət edir. Çünki sentyabrın 15-də həm məktəb, həm də repetitor yükünün eyni anda başlaması şagird üçün kəskin stress yarada bilər. Avqustda repetitorla başlamaq uşağın müəyyən mənada intizamlı rejimə öyrəşməsinə imkan verir. Lakin bunun psixoloji və fizioloji baxımdan mənfi tərəfləri də var və burada müəyyən risk faktorları özünü göstərir. Ümumilikdə, avqust ayında repetitorluğa başlamağın ən böyük riski uşağın emosional və fiziki resurslarının vaxtından əvvəl tükənməsidir. İnsan beyni və sinir sistemi uzunmüddətli yüksək gərginliyə dözümlü deyil".

İ.Orucov qeyd etdi ki, avqust ayından may ayına qədər fasiləsiz oxuyan şagird imtahanın ən kritik dövrü olan mart-aprel aylarında motivasiya düşkünlüyü yaşaya bilər.

"Mütəxəssislər bunu, eyni zamanda, sosiallaşma və istirahət hüququnun məhdudlaşdırılması baxımından da mənfi qiymətləndirirlər. Yeniyetməlik və uşaqlıq dövründə sosial bacarıqların inkişafı, fiziki aktivlik və beynin istirahət etməsi ən azı akademik biliklər qədər vacibdir. O mənada, avqust ayında repetitorluğa getməyin doğru və ya səhv olması birmənalı dəyərləndirilməməlidir və tamamilə uşağın fərdi vəziyyətindən asılıdır. Ümumilikdə, uşağın fərdi durumunu düzgün qiymətləndirmək lazımdır. Əslində, repetitorlar öz yanaşmalarında pedaqoji və psixoloji prinsipləri daha çox tətbiq edə bilsələr, düşünürəm ki, prosesi düzgün idarə edə bilərlər. Avqustda başlamağı daha çox bilik bazası zəif olan şagirdlər üçün vacib hesab edərdim. Çünki onların əvvəlki illərdən qalan boşluqlarını sentyabr dərsləri ilə paralel şəkildə tamamlamaq fiziki olaraq çox çətindir və bəzən qeyri-mümkündür. Ümumilikdə, avqust ayını tam istirahətə həsr etmək əlaçı və güclü şagirdlər üçün daha doğru yanaşmadır. Onların baza bilikləri yerində olduğu üçün sentyabrda başlamağın tamamilə kifayət etdiyini düşünürəm. Həmçinin dərs yükünü tənzimləmək baxımından da məsələyə yanaşma düzgün qurulmalıdır. Əgər avqust ayında dərslərə başlanılırsa, rejim sentyabr ayındakı kimi ağır olmamalıdır. Kifayət qədər ehtiyatlı və daha yumşaq şəkildə prosesə keçid təmin edilməlidir. Düşünürəm ki, həftədə maksimum 2-3 dərsdən artıq dərs keçirilməməlidir. Gündəlik 30-45 dəqiqəlik ev tapşırığının həcmi minimal saxlanılmalıdır. Eyni zamanda, dərslərin formatı daha çox interaktiv, təkrar və motivasiya xarakterli olmalıdır.

Həmsöhbətimiz əlavə etdi ki, ümumilikdə, hazırlıq yüngülləşdirilmiş keçid rejimində təşkil olunmalıdır. Valideynlər və müəllimlər, o cümlədən repetitorlar anlamalıdırlar ki, enerjini sona qədər düzgün bölmək ən doğru yanaşmadır.

"Ona görə də mən məsələyə ümumilikdə pedaqoji, psixoloji və sosioloji baxımdan yanaşaraq fikirlərimi ifadə etdim. Düşünürəm ki, akademik və pedaqoji baxımdan məsələyə münasibətim bundan ibarətdir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən