III qrupda 7-8 min abituriyent kəsilə bilər - Ekspertdən PROQNOZ
İmtahan nəticələrinə əsasən III ixtisas qrupunun DT və TC altqrupları üzrə qəbul müsabiqəsində iştirak etmək hüququ qazanan abituriyentlərin sayı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, III ixtisas qrupunun DT altqrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 20 min 805, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 24 min 653 abituriyent müsabiqədə iştirak hüququ əldə edib. III ixtisas qrupunun TC altqrupu üzrə isə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 7 min 949, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 11 min 142 abituriyent qəbul müsabiqəsində iştirak hüququ qazanıb.
Bəs maraqlıdır bu statistika bu il 3-cü qrupda seçilməyən tələbələrin sayının yenə çox olacağı anlamına gəlir?
Redaktor.az-a danışan "Elm" İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev bildirdi ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı statistik məlumatlara əsasən, III qrupda imtahan vəziyyətinin kifayət qədər gərgin olduğu görünür:
"Eyni zamanda burada qəbul şərtlərinin və uyğun balların daha çox artdığı müşahidə olunur. Bunun əsas səbəblərindən biri plan yerləri ilə müraciət edənlər arasındakı fərqin böyük olmasıdır. Təbii ki, burada kəsilən şagird və abituriyentlərin sayının kifayət qədər çox olacağı görünür. I və II qruplarla müqayisədə burada plan yerlərinin az olması və daha yüksək bal toplayanların sayının çox olması bunun əsas səbəblərindəndir. Dövlət İmtahan Mərkəzinin açıqladığı rəsmi məlumatlara əsasən, 24 653 abituriyent müsabiqə şərtlərini ödəyib və növbəti mərhələdə ixtisas seçiminə buraxılacaq. Eyni zamanda, bunlara TC qruplarını da əlavə etsək, bu say bir qədər də artır. Bununla yanaşı, plan yerlərinə uyğun olaraq, açıqlandığı kimi, təxminən 5 000 abituriyentin kəsiləcəyi bildirilir".
Müsahibimizin fikrincə kəsilənlərin sayı göstəriləndən daha çox olacaq:
"Çünki burada doğru ixtisas seçimi, eyni zamanda istəklərə uyğun olaraq valideynlərin müxtəlif səbəblərdən bəzi ixtisaslardan imtina etməsi də nəzərə alınmalıdır. Bu da ümumilikdə təxminən 7-8 min abituriyentin kəsiləcəyinə zəmin yaradır. Düşünürəm ki, ixtisas seçimi zamanı bütün nüansları nəzərə alaraq seçim aparmaq lazımdır. Həm statistik məlumatların təhlil edilməsi, eyni zamanda plan yerlərinin artması və ya azalması, təbii ki, burada ödənişli əsaslarla qəbulun da artıb-azalmasını nəzərə alaraq ixtisas seçimi aparılmalıdır".
Xədicə BAXIŞLI













