"Səyyar komandalar regionlara getsin" - Ekspertdən DİM-ə ÇAĞIRIŞ

 11:16 18.08.2026     1066

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı abituriyentlərə müraciət edib. Sədr qeyd edib ki, DİM-in Abituriyent Məsləhət Mərkəzlərində və səyyar xidmətlərində abituriyenlərə ödənişsiz dəstək göstərilir və bildirib ki, məsləhətlər hər bir abituriyentin nəticəsi, mövcud seçim imkanları və DİM-in rəsmi məlumat bazasında olan göstəricilər əsasında verilir.

Redaktor.az-a DİM sədrinin müraciətindən danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, DİM hər il belə mərkəzin fəaliyyət göstərdiyi haqqında məlumat verir:

"Amma təəssüflər olsun ki, bu, məlumatdan o yana keçmir. İşin təşkili üçün yaxşı olardı ki, səyyar komandalar düzələrdi və heç olmasa müəyyən mənada regionlara da gedərdilər. İndi hər kəs elə bir məqam­dadı­r ki, özü üçün qısa bir zaman kəsiyində ali təhsil müəssisələri üçün seçim etməlidir. Bəzi yerlərdə repetitor müəllimləri bu işi görürlər, bəzi yerlərdə ayrı-ayrı mütəxəssislər var ki, bu işləri görürlər. Valideynlər də həssas toplanan bala görə xüsusi narahatlıq keçirirlər ki, bunun üçün də mütləq şəkildə bir mütəxəssisə müraciət etmək ehtiyacı yaranır. Bu halda DİM-in belə gecikmiş bəyanatları, çağırışları, düşünürəm ki, elə ciddi bir fayda vermir".

Müsahibimizin sözlərinə görə, yaxşı olardı ki, bu məsələ ilə bağlı heç olmasa bir xeyli əvvəldən bir təbliğat aparalar, səyyar komandalar formalaşdıralar:

"Onlar həm regionlarda fəaliyyət göstərə, həm şəhərin ayrı-ayrı yerlərində fəaliyyət göstərə bilərdilər. Əgər kömək etmək istəyirlərsə, bu halda müəyyən fayda verə bilərlər. Yoxsa ki, hər il DİM-in bir balaca kabinetində bu işləri həyata keçirmək, əlbəttə ki, mümkün deyil. Çünki bilirik ki, bu az bir zaman kəsiyi üçün böyük sayda müraciətlər var. Düşünün ki, müraciət edənlərin bir 10 faizi DİM-ə yönəlsə, o halda DİM qarşısında hansı vəziyyət yarana bilər. İndi xoşbəxtlikdən heç olmasa bu işi bir qisim özlərinin imkanları hesabına, digərləri bu işlə məşğul olan mütəxəssislərin hesabına həll eləyə bilirlər. Ona görə də mən düşünürəm ki, bu cür xidmətlər varsa, onun üçün qabaqcadan təbliğat aparmaq lazımdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən