III və IV qrupda keçid balları qalxacaq? – AÇIQLAMA
"İxtisas seçiminin son günləri hər il həm abituriyentlər, həm də valideynlər üçün müəyyən gərginlik yaradır. Xüsusilə III və IV qruplarda bu narahatlıq daha çox hiss olunur. Çünki bu qruplarda ən çox maraq göstərilən və rəqabətin yüksək olduğu kifayət qədər ixtisas var".
Bu fikirləri ixtisas seçimi haqqında Redaktor.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirdi.
O düşünür ki, builki nəticələrə baxanda III qrupda yüksək tələbat olan ixtisaslar üzrə rəqabət yenə ciddi olacaq:
"Xüsusilə dövlət sifarişli yerlərdə və abituriyentlərin daha çox üstünlük verdiyi ixtisaslarda keçid ballarının yüksək qalması mümkündür. Amma burada bir məqamı da unutmayaq: keçid balını əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Çünki o, yalnız abituriyentlərin topladığı balla deyil, həmin ixtisası neçə nəfərin seçməsi, plan yerlərinin sayı və seçim ardıcıllığı ilə də formalaşır. IV qrupda isə məncə əsas diqqət yenə tibb istiqamətinə yönələcək. Yüksək nəticə göstərən abituriyentlərin sayı və tibb ixtisaslarına olan ənənəvi maraq nəzərə alınanda burada rəqabətin kifayət qədər güclü olacağını gözləmək olar. Digər ixtisaslarda isə vəziyyət eyni deyil. Yəni “IV qrupda bütün keçid balları qalxacaq” kimi ümumi fikir söyləmək doğru olmaz".
.jpg)
Müsahibimiz abituriyentlərə xüsusilə bir şeyi məsləhət gördü:
"Yalnız ötən ilin keçid balına baxıb seçim etməsinlər. Bəzən abituriyent düşünür ki, balım keçən ilin göstəricisindən bir neçə bal aşağıdırsa, həmin ixtisası yazmağın mənası yoxdur. Əslində isə seçim prosesinə belə sərt yanaşmaq düzgün deyil. İstədiyi ixtisası siyahıya daxil etməli, eyni zamanda öz balına daha uyğun və daha real alternativləri də nəzərə almalıdır. Dünya təcrübəsində də karyera seçimində yalnız akademik nəticəyə deyil, gəncin maraqlarına, bacarıqlarına və gələcək əmək bazarındakı imkanlara birlikdə baxılması tövsiyə olunur. Bizdə isə bəzən “balım hara çatırsa, oranı seçim” düşüncəsi üstünlük təşkil edir. Halbuki universitetə qəbul olmaq son məqsəd deyil. Əsas məsələ insanın bir neçə ildən sonra özünü hansı sahədə gördüyüdür.
Ona görə də son gündə panikaya düşüb siyahını dəfələrlə dəyişməkdənsə, seçimləri bir daha sakit şəkildə nəzərdən keçirmək daha doğrudur. Arzulanan ixtisaslar, real seçimlər və müəyyən ehtiyat variantları arasında balans yaratmaq lazımdır. Sırf tələbə adını qazanmaq üçün gələcəkdə oxumaq və işləmək istəmədiyin bir ixtisası seçmək isə məncə ən böyük səhvlərdən biridir. Ümumilikdə düşünürəm ki, III qrupda populyar ixtisaslarda, IV qrupda isə xüsusilə tibb istiqamətində rəqabət daha çox hiss olunacaq. Amma abituriyentlərə tövsiyəm budur ki, son saatlarda müxtəlif proqnozların yaratdığı həyəcanla deyil, öz nəticələrinə və istəyinə uyğun düşünülmüş seçim etsinlər. Çünki bəzən bir neçə baldan daha vacib olan məsələ insanın özünə uyğun ixtisası düzgün seçməsidir".
NURİYYƏ













