Son gün seçim edən abituriyentlərin diqqətinə: 15 xananı belə doldurun - AÇIQLAMA 

 13:24 19.08.2026     701

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır.

Redaktor.az-a açıqlama verən  Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd etdi ki, abituriyentlərin ixtisas seçimi sadəcə bir təhsil pilləsinin təyini deyil, bu, fərdin gələcək sosial-iqtisadi statusunu, intellektual inkişaf trayektoriyasını və həyat məmnuniyyətini formalaşdıran strateji bir qərar, addımdır:

"Ümumilikdə məsələyə daha çox elmi, akademik müstəvidən yanaşsaq, bu proses həm bazar iqtisadiyyatının reallıqlarını, həm də insanın daxili potensialını uzlaşdırmağı tələb edir. Bu strateji qərarın fundamental əsasını ilk növbədə abituriyentin şəxsi potensialı və psixoloji uyğunluğu təşkil edir. Toplanmış bal sadəcə test mexanizmini mənimsəmə dərəcəsini göstərir. Əsl seçim isə fərdin hansı elm sahəsinə təbii meylinin olmasını və onun temperament tipindən birbaşa asılıdır. Çünki maraq kəsb edən işlərə meyilli bir gəncin idarəetmə və aktivliyi həm də gələcəkdə nə dərəcədə peşəkar olmasını müəyyənləşdirir.

Eyni zamanda əmək bazarının dinamikasını təhlil edərkən populyar trendlərin arxasınca kor-koranə qaçmaq deyil, fərdə gələcəkdə geniş perspektivdə və geniş spektrdə fəaliyyət imkanı verən çevik ixtisaslara, düşünürəm ki, üstünlük verilməlidir. Seçilən ixtisasın adı qədər həmin təhsilin alınacağı universitetin maddi-texniki bazası, beynəlxalq mübadilə proqramları və tələbəyə qazandıracağı sosial kapital, peşəkar şəbəkələşmə imkanları da ən yüksək dərəcədə burada vacib rol oynayır. Ümumilikdə bütün bunlar doğru bir süzgəcdən keçdikdən sonra isə texniki təhlil mərhələsi gəlir ki, burada da ən böyük səhv ötən ilin keçid balına mütləq rəqəm kimi baxmaqdır. Çünki keçən ilki keçid balı dəyişə bilir, imtahanın çətinlik dərəcəsindən asılı olaraq ballar dəyişsə də, həmçinin abituriyentin öz qrupundakı yerləşmə sırası daha stabil və real göstəricidir".

Müsahibimiz son gün seçim edənlərədə tövsiyəsini səsləndirdi:

"Seçimi son günə saxlamaq isə abituriyentlərdə psixoloji gərginliyi artıraraq, həm də panik qərarlar verilməsinə yol açır ki, bu vəziyyətdə təcili olaraq daha çevik və doğru qərar vermək lazım gəlir. İlk növbədə son günün gətirdiyi emosional gərginlik var, ətraf mühitin təzyiqi mütləq şəkildə təcrid olunmalıdır. Qərarlar hisslərlə deyil, düşünürəm ki, daha soyuq başla və ağılla, həm də konkret ölçmələrə uyğun verilməlidir, rəqəmlərlə, hesab edirəm ki, bu, uzlaşmalıdır. Bu mərhələdə risklərin dəf edilməsi üçün elektron ərizədəki 15 xana pilləsi seçim strategiyası ilə bölüşdürülməlidir. İlk xanalara balından bir az yüksək olan və abituriyentin arzuları olan ixtisaslar, orta xanalara bal və sıralamaya tam uyğun gələn, fərqi 80-90% qəbul ehtimalı olan real ixtisaslar, son xanalara isə kənarda qalmamağı sığortalayan təhlükəsizlik üçün məhz ixtisaslar yazılmalıdır. Əgər məqsəd mütləq bu il universitetə qəbul olmaqdırsa, ödənişli yerləri yazmaqdan çəkinməmək lazımdır. Çünki tələbə universitet daxilində yüksək akademik göstəricilər nümayiş etdirərkən sonradan dövlət sifarişli yerlərə keçid edə bilər. Nəhayət, son günün tələskənliyində texniki səhvlərdən qorunmaq üçün hər bir kodun qarşısındakı ixtisas adı və universitet təkrar-təkrar yoxlanılmalıdır və ərizə mütləq təsdiq edilməlidir. Çünki təsdiq olunmayan ərizə müsabiqəyə buraxılmır".

İlqar Orucovun fikrincə, abituriyentlər unutmamalıdırlar ki, ixtisas seçimi taleyin bir sınağı kimi və yaxud sanki bir püşk atmaq kimi deyil:

"Müasir ömürboyu təhsil paradiqması insana hər yaşda ixtisasını dəyişmək və ya magistratura pilləsində fərqli sahəyə yönəlmək imkanı verir. Yəni bu, son deyil. Mənim sonda işlətdiyim cümlə məhz budur. Heç zaman ruhdan düşməmək, arzularına sadiq qalmaq, doğru yolda olduğunu bildiyin halda bugünkü vəziyyətin heç nəyin sonu olmadığını düşünərək addım atmaq, hesab edirəm, daha doğrudur".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən