Təmayül siniflərində hər ay sınaq imtahanı keçirilməlidir? - Ekspertlərdən AÇIQLAMA
Bildiyimiz kimi, Azərbaycanda təmayül tədris metoduna keçid həyata keçirilir və bu model çərçivəsində şagirdlərin seçdikləri istiqamət üzrə daha dərin və məqsədyönlü hazırlığının təmin edilməsi nəzərdə tutulur.
Təmayül siniflərində şagirdlərin buraxılış və qəbul imtahanlarına hazırlığının daha sistemli şəkildə aparılması məqsədilə hər ay buraxılış və qəbul imtahanı formatına uyğun sınaq imtahanlarının keçirilməsi nə dərəcədə məqsədəuyğundur? Belə sınaqların mütəmadi keçirilməsi şagirdlərin real imtahan mühitinə psixoloji və akademik baxımdan hazırlanmasına, vaxtdan düzgün istifadəyə və imtahan strategiyasının formalaşmasına nə dərəcədə təsir göstərə bilər?
Redaktor.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, Azərbaycan Respublikasının ümumi təhsil sistemində təmayül tədris metoduna keçid, təhsilin fundamental strukturunu dəyişərək onu daha hədəf yönümlü və differensiallaşdırılmış formaya salmışdır:
"Bu kontekstdə, təmayül siniflərində hər ay buraxılış və qəbul tipli sınaq imtahanlarının tətbiqinin məqsədəuyğunluğu, onun həm pedaqoji səmərəliliyi, həm də şagirdlərin idrak inkişafı və mənəvi-psixoloji vəziyyəti baxımından dərindən əsaslandırılmalıdır. Müasir təhsil kurikulumlarında sınaq imtahanları sadəcə yekun nəticəni ölçən alət deyil, təlim prosesini tənzimləyən diaqnostik və formativ mexanizm kimi qəbul edilir".
Müsahibimizin sözlərinə görə, bu yanaşma çərçivəsində aylıq sınaqlar şagirdin materialı mənimsəmə vəziyyətini mikrosəviyyədə izləməyə imkan verir ki, bu da pedaqogikada əks-əlaqə dövrəsi adlanır:
"Sistemli səhvlər vaxtında aşkarlanır, növbəti ayın planlamasında korreksiya edilir və beləcə ardıcıl monitorinq xarakterli qiymətləndirmələr teleqrafik şagirdlərdə özünüqiymətləndirmə ilə öz səhvlərini təhlil etmək vərdişlərini formalaşdıraraq dərindən düşünmə qabiliyyətini təmin edir. Eyni zamanda, böyükmiqyaslı mərkəzləşdirilmiş imtahanların şagirdlər üzərində yaratdığı yüksək psixoloji təzyiq fonunda hər ay eyni imtahan qaydaları, cavab kartları və vaxt məhdudiyyəti ilə təmasda olan şagird fərqində olmadan imtahan mühitinə tam öyrəşir. Bu kimi vərdişlər sayəsində şagirdlərin real imtahandakı stress və həyəcanı kəskin şəkildə azalır, onlar vaxtı düzgün idarə etməyi və zehni enerjilərini suallar arasında düzgün bölüşdürməyi öyrənirlər. Təmayül təhsilinin mahiyyətinə uyğun olaraq, bu sınaqlar şagirdləri lazımsız fənn yükündən azad edir, diqqəti yalnız seçilmiş sahəyə yönəldir və sinifdə sağlam rəqabət mühiti yaradır".
İ.Orucov qeyd etdi ki, bu sistemin mənfi tərəfləri də ola bilər:
"Əgər dərslər yalnız test tapşırıqlarının həllinə yönələrsə, təhsilin keyfiyyəti aşağı düşəcək. Belə ki, şagirdlərin tənqidi düşünmə və yaradıcılıq qabiliyyətləri arxa plana keçə bilər. Hər ay keçirilən gərgin imtahanlar uşaqlarda zehni yorğunluğa, ruh düşgünlüyünə və oxumaq həvəsinin itməsinə səbəb ola bilər. Üstəlik, sınaq sualları rəsmi qəbul proqramının çətinlik səviyyəsinə və standartlarına tam uyğun gəlməzsə, şagirdlərin səviyyəsi səhv qiymətləndirilər və bu da böyük vaxt itkisinə yol açar. Buna görə də aylıq sınaqların faydalı olması üçün məktəb rəhbərliyi müəyyən qaydalara əməl etməlidir. İmtahandan sonrakı günlər mütləq səhvlərin təhlilinə ayrılmalıdır, çünki bu sınaqlar cəza vermək üçün deyil, çatışmazlıqları düzəltmək üçündür. Həmçinin, bütün sınaqlar sadəcə qapalı testlərdən ibarət olmamalı, müəyyən aylarda yazı bacarıqlarını inkişaf etdirən situasiya və esse tipli tapşırıqlara da yer verilməlidir. Yekunda imtahan nəticələri məktəb psixoloqları tərəfindən izlənilməli, qiymətləri aşağı düşən və stress keçirən şagirdlərə fərdi dəstək göstərilməlidir. Yalnız bu şərtlər daxilində keçirilən aylıq sınaqlar şagirdlərin buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərməsinə ciddi kömək edəcəkdir".
Əməkdar müəllim Sona Əliyevanın fikrincə isə təmayül siniflərində hər ay sınaq imtahanının keçirilməsi məqsədəuyğundur:
"Bu, şagirdin hazırlıq dinamikasını izləməyə, mövzu və bacarıq boşluqlarını vaxtında müəyyənləşdirməyə, imtahan formatına və vaxt bölgüsünə alışmağa imkan verir. Amma sınağın faydası onun keçirilmə tezliyindən çox, nəticələrin necə təhlil olunmasından asılıdır. Şagird sadəcə balını bilməklə kifayətlənməməli, səhvlərinin səbəbini anlamalı, müəllim isə növbəti tədris prosesini həmin nəticələrə uyğun dəyişməlidir. Digər tərəfdən, tədrisi yalnız test nəticəsinə kökləmək də doğru deyil. Bu zaman uşağın dərin bilik, tənqidi düşünmə və problem həll etmə bacarıqlarının inkişafı ikinci plana keçə, davamlı imtahan mühiti isə bəzi şagirdlərdə əlavə psixoloji gərginlik yarada bilər".

Həmsöhbətimiz qeyd etdi ki, təmayül təhsilinin məqsədi uşağı daha çox test həll etməyə deyil, seçdiyi istiqamət üzrə daha yaxşı düşünən və daha yaxşı tətbiq edən şagirdə çevirməkdir:
"Ona görə də mən aylıq sınağın özündən daha çox, aylıq nəticə təhlilini vacib hesab edirəm. İmtahan şagirdin harada olduğunu göstərir, düzgün təhlil isə həm şagirdə, həm müəllimə nəyi dəyişmək lazım olduğunu göstərir", - deyə S.Əliyeva yekunlaşdırdı.
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.
Xədicə BAXIŞLI














