İxtisas seçimi bitdi, kimlər universitetə qəbul ola bilməyəcək? - AÇIQLAMA
"İxtisas seçimi başa çatandan sonra, ilk olaraq, mənim düşündüyüm məsələlərdən biri vaxtın azlığı ilə bağlıdır. Yəni ixtisas seçimi üçün bir həftə vaxt verildi. Bu bir həftə ərzində 81 min nəfər müraciət edərək qeydiyyatdan keçib. Halbuki imtahan ərəfəsində qeydiyyatdan keçənlərin sayı 100 min nəfərdən çox idi".
Bu fikirləri Redaktor.az-a danışan təhsil eksperti Elçin Murad bildirdi.
Onun fikrincə, burada heç olmasa müəyyən sayda abituriyent vaxt azlığı səbəbindən ixtisas seçiminə çatdıra bilməyib:
"Çünki ixtisas seçimi prosesi elə bir məsələdir ki, valideynlərin və abituriyentlərin bəziləri bu prosesi özləri həyata keçirsə, bacarsa və bilsə də, bir çoxunun kənar dəstəyə ehtiyacı olur. Kənar dəstəklə bağlı da iki cür problem yaranır. Birincisi, valideynlərin müraciət etdiyi şəxslərin qəbuluna düşə bilməməsi və ixtisas seçimini vaxtında etdirməməsidir. İkincisi isə bəzi valideynlərin ümumiyyətlə bu işdən başı çıxmayan birinə müraciət etməsi və nəticədə yanlış ixtisas seçiminin aparılması ehtimalıdır. Düzdür, heç kimi qınamıram, heç kəsi hansısa addımı atmaqda ittiham etmirəm. Valideynlərdə bununla bağlı narahatlıq və ya qorxu hissi yaratmaq da istəmirəm. Sadəcə, mümkün ehtimalları nəzərə alaraq belə bir fikir bildirirəm.
Cavablar hardasa ayın 22-si, 23-ü və ya 24-ü tarixlərdə açıqlanacaq. Həmin vaxt kənarda qalan abituriyentlər arasında üçüncü qrupda daha çox 250 baldan aşağı nəticə göstərənlər, dördüncü qrupda isə 200 baldan aşağı nəticə göstərənlər olacaq. Çünki üçüncü və dördüncü qruplarda 150 ballıq ixtisaslar olsa da, faktiki vəziyyət həmin baldan qəbulun mümkün olduğu anlamına gəlmir. Üçüncü qrupda ümumiyyətlə 150 balla qəbuldan söhbət getmir. Dördüncü qrupda isə baytarlıq və digər bəzi ixtisaslar var ki, onlar daha çox rayonlarda yerləşir. Valideynlərin bir çoxu da övladını rayonlara, kənar bölgələrə göndərməyi düşünmür".
.jpg)
Müsahibimiz vurğuladı ki, kənarda qalan abituriyentlərin bir qismi yanlış ixtisas seçimi edənlər, bir qismi isə aşağı bal toplayanlar olacaq:
"Dediyim kimi, üçüncü qrupda 250 baldan aşağı nəticə göstərənlərin əsasən kənarda qalmaq təhlükəsi var. Dördüncü qrupda da 200 baldan aşağı nəticə göstərənlər üçün bu risk mövcuddur. İkinci qrupda vəziyyət çox da pis deyil. Düzgün ixtisas seçimi olunubsa, kənarda qalma halları çox olmayacaq. Xüsusilə 150–200 bal arasında və 200 baldan yuxarı nəticə göstərən abituriyentlərin qəbul olunmaq şansları var. İkinci qrupda ən çox kənarda qalma halları harada müşahidə oluna bilər? Bu, 150-160 və 160-170 bal toplayan abituriyentlər arasında ola bilər. Birinci qrupda isə kənarda qalma ehtimalı yoxdur. Ödənişli əsaslarla təhsil alanların sayı çox, ödənişsiz əsaslarla təhsil alanların sayı isə az olacaq. Amma burada da, dediyim kimi, xüsusilə 250 bala qədər nəticə göstərən abituriyentlər üçün müəyyən qədər risk var. 250 baldan yuxarı nəticə göstərənlər arasında düzgün ixtisas seçimi olunubsa, kənarda qalmaq riski yoxdur. Təbii ki, bunların hamısı müəyyən bir öngörü, düşüncə və fərziyyədir. Yekunda baxacağıq. Jurnal çıxanda nəyin necə olduğu daha dəqiq bilinəcək".
NURİYYƏ













